
Paytaxtın Xətai rayonunda toy karvanı yolda avtomobillərin hərəkətini iflic edib. Gənclər xəstəxananın qarşısında yolu bağlayaraq rəqs edib, nəticədə nə təcili tibb yardım, nə də digər avtomobillər hərəkət edə bilib. Hadisə şahidləri bu addımı ciddi təhlükə kimi qiymətləndirir. Ekspertlər də bənzər halların son zamanlar artdığını bildirirlər.
Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərin paytaxın Xətai rayonu, Nəsirəddin Tusi küçəsində çəkildiyi iddia edilir.
Bir neçə avtomobilin dayanaraq yüksək səslə musiqi səsləndirdiyi, gənclərin isə yolun ortasında rəqs etdiyi görünür. Məlumata görə, toy korteji xəstəxananın qarşısındakı yolu bağlayıb. Bu müddətdə yol tam bağlanıb, arxada qalan sürücülər isə gecikdikləri üçün alternativ yollara yönəlməyə məcbur olublar.
Yol hərəkəti qaydaları üzrə ekspert Arzu Babazədə deyir ki, bu cür görüntülər son zamanlar təkcə paytaxtda yox, bölgələrdə də geniş yayılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirdilər ki, yayılan görüntülərdən məlumatlıdırlar və araşdırma aparılır.
Yol polisi toy karvanında olan sürücülərə daha diqqətli olmalarını və mümkün qədər az avtomobillə iştirak etməyi tövsiyə edir.

