Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 4 milyard dollara yaxınlaşıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Çin arasında
ticarət əməliyyatlarının həcmi 3,815 milyard ABŞ dolları təşkil
edib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 799,2 milyon ABŞ dolları və ya 26,5% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 9,34%-i həcmində olub. Bununla da sözügedən
ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət
əməliyyatları apardığı ölkələr sırasında 4-cü pillədə
qərarlaşıb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Çinə 79,6
milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni
dövrü ilə müqayisədə 65,2 milyon ABŞ dolları və ya 5,5 dəfə
çoxdur.




Hesabat dövründə Çindən Azərbaycana isə 3,7 milyard ABŞ dolları
dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin
eyni dövrü ilə müqayisədə 734 milyon ABŞ dolları və ya 24,5% artım
deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox
məhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan
xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard
ABŞ dolları və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın,
19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6
milyard ABŞ dolları və yaxud 15,6% artıb.

Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya
2,5 dəfə azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir