Ankara ilə Bakı arasında formalaşan müttəfiqlik regiondakı proseslərin effektiv şəkildə idarə olunmasına imkan verir – Kadir Təmiz

Baş səhifə

Şuşa. Trend:

Ankara ilə Bakı arasında formalaşan strateji müttəfiqlik
münasibətləri regionda baş verən proseslərin daha effektiv şəkildə
idarə olunmasına imkan verir. Mütəxəssislər bildirirlər ki, iki
ölkə ayrı dövlətlər olsa da, maraqları və siyasətləri müxtəlif
məqamlarda fərqlənə bilər. Lakin strateji vizyonun və əsas
prinsiplərin uyğunluğu bu müttəfiqliyin təməl şərtidir və bu, digər
ölkələr üçün də qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından
ciddi mesajdır.

Trend-in bölgə
müxbiri xəbər verir ki, bu sözləri Şuşada Azərbaycan–Türkiyə Beyin
Mərkəzlərinin Birinci Forumunda çıxış edən Yaxın Şərq Araşdırmaları
Mərkəzinin (ORSAM) prezidenti Kadir Təmiz bildirib.

Onun sözlərinə görə, Türkiyənin Orta Şərq siyasətini
formalaşdıran əsas istiqamətlərin Azərbaycan–Türkiyə əməkdaşlığı
ilə uyğunlaşdırılması müzakirə olunmalıdır:

“Türkiyənin bölgə siyasətinin üç aparıcı xətti xüsusilə diqqət
çəkir: Bunlardan birincisi təhlükəsizlik sabitlik yanaşmasıdır

Türkiyənin Orta Şərq vizyonunun əsasını təhlükəsizlik və
sabitlik konsepsiyası təşkil edir. MİT və Müdafiə Nazirliyinin
rəsmi sənədlərində də vurğulandığı kimi, Ankara bölgədə
sabitləşdirici aktor kimi çıxış edir.
Suriyada həyata keçirilən əməliyyatlar və İraqdakı aktiv
fəaliyyətlər bəzən tənqid olunsa da, ekspertlər bunun əksinə olaraq
regionun dövlət kapasitesinin gücləndirilməsi və yaranan
boşluqların terror qrupları tərəfindən doldurulmasının qarşısının
alınması məqsədi daşıdığını bildirirlər. Bu siyasət həm Türkiyə
üçün təhlükəsizlik təminatı, həm də regionda nizamın bərpası
baxımından vacib hesab olunur.

İkinci isə diplomatik normallaşma və regional əməkdaşlıqdır.
2017-ci ildə prezident idarəetmə sisteminə keçidlə birlikdə
Türkiyənin xarici siyasətdə daha çevik və operativ mexanizmlərdən
istifadə etməyə başlanıb. Bu dövrdən etibarən Ankara Suriya, BƏƏ,
Səudiyyə Ərəbistanı, Misir və digər regional ölkələrlə yaşanan
gərginlikləri sürətlə aradan qaldıraraq nəqliyyat, enerji və
ticarət sahələrində yeni dialoq kanalları açıb. Suriya ilə aparılan
danışıqlar, Misirlə münasibətlərin bərpası, Sudan və Liviya
istiqamətlərində genişləndirilən əməkdaşlıq, eləcə də Şərqi Aralıq
dənizində koordinasiya cəhdləri diplomatik normallaşma siyasətinin
əsas nümunəsi kimi göstərilir”.

“Geoekonomik bağlantı və yeni layihələrdir. Türkiyənin Orta Şərq
strategiyasının üçüncü sütunu enerji təhlükəsizliyi və nəqliyyat
dəhlizlərini əhatə edən geoekonomik layihələrdir. Bu aspekt
xüsusilə Azərbaycan–Türkiyə münasibətlərinin inkişafında mühüm rol
oynayır. Zəngəzur dəhlizi, Orta Dəhliz, enerji ötürmə xətləri və
logistika marşrutları iki ölkəni tamamlayıcı əməkdaşlıq modelinə
çevirir. Bundan əlavə, Türkiyənin İraqla birgə həyata keçirdiyi
“İnkişaf yolu” layihəsi – Basradan başlayıb Türkiyə üzərindən
Avropaya uzanan nəqliyyat xətti – bölgədə yeni iqtisadi inteqrasiya
imkanları yaradır. Əgər gələcəkdə Suriya da sabitləşərsə, bu xəttin
genişləndirilməsi mümkün ola bilər.

Nəticədə, Türkiyənin Orta Şərq siyasətinin bu üç əsas istiqaməti
– təhlükəsizlik, diplomatik normallaşma və jeoekonomik
bağlantısallıq – Azərbaycanla strateji tərəfdaşlığın daha da
dərinləşməsinə xidmət edir.
Bu model həm iki ölkənin regional nüfuzunu artırır, həm də Orta
Şərq və Cənubi Qafqazda sabitlik və inkişaf üçün yeni platformalar
yaradır”, – deyə Kadir Temiz bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir