
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın Türk
Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 5,909
milyard ABŞ dolları təşkil edib.
Trend-in
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara
görə, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə
136,5 milyon ABŞ dolları və ya 2,4% artıb.
Hesabat dövründə TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi
Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14,7%-nə bərəbər olub.
Belə ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycanın Türkiyə ilə
ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 7,3% azalaraq 4,8
milyard dollara, Qırğızıstanla ticarət dövriyyəsi 1,9 dəfə artaraq
66,1 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 1,5 dəfə
artaraq 600,3 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə
2,4 dəfə artaraq 472,5 milyon dollara bərabər olub.
Cari ilin ilk 10 ayında Azərbaycandan Türkiyəyə 65,042 milyon
ABŞ dolları dəyərində 133,1 min ton bitumlu süxurlardan alınmış xam
neft və xam neft məhsulları, 486,3 milyon ABŞ dolları dəyərində isə
qeyri-neft məhsulları ixrac edilib. Eyni zamanda hesabat dövründə
Qazaxıstan Azərbaycandan 80,6 milyon ABŞ dolları dəyərində,
Özbəkistan isə 60,2 milyon ABŞ dolları dəyərində qeyri-neft
məhsulları idxal edib. Digər ölkələrə isə sözügedən məhsulların
ixracı ilə bağlı göstəricilər qeydə alınmayıb.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3
oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə
imzalanmış “Naxçıvan Sazişi”nə əsasən yaradılıb. Təşkilat
yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)”
olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilib və hazırda
“Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir
və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan və Türkiyə.
Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə
təşkilatda müşahidəçi statusa malikdir.

