“Ümid” yatağı: Azərbaycanın enerji xəritəsini dəyişən kəşf

Baş səhifə

Bakı. Trend:

Azərbaycan bu gün həm regionda, həm də qlobal enerji
bazarlarında mühüm oyunçulardan biri kimi çıxış edir. Ölkənin
zəngin qaz ehtiyatları daxili bazarın “mavi yanacaq”a olan
tələbatını tam təmin etməklə yanaşı, Avropanın enerji
təhlükəsizliyinə də ciddi şəkildə töhfə verir. Xəzər dənizinin qaz
potensialının indiki qiymətləndirilməsi Azərbaycanın uzunmüddətli
enerji strategiyasını daha da gücləndirir.

Bu gün Azərbaycan daxili istehlakın 100 faizini öz hasilatı
hesabına ödəyir. Eyni zamanda bir sıra Avropa ölkələri üçün
etibarlı qaz təchizatçısına çevrilib. Hazırda Azərbaycanın təsdiq
olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetr olaraq
qiymətləndirilir.

Bu gün ölkəmizin əsas qaz yataqlarından biri “Ümid”
qaz-kondensat yatağının kəşfinin 15 ili tamam olur. “Ümid” yatağı
kimi strukturlar sübut edir ki, Xəzər sektorunun dərin və mürəkkəb
geoloji zonalarında hələ də böyük qaz potensialı mövcuddur. Bu da
mütəxəssislərin ehtiyatların 2,6 trilyon kubmetrdən daha yüksək
olduğunu vurğulamasını əsaslandırır.

“Ümid” yatağı SOCAR-ın tamamilə öz imkanları ilə həyata
keçirdiyi ilk böyük kəşf layihəsidir. Bu, milli kadr potensialının
gücləndiyini və Azərbaycanın artıq öz enerji resurslarını özü
araşdırıb istismar edə bilən ölkəyə çevrildiyini göstərir. “Ümid”
yatağı Azərbaycan qazı üçün yeni dayanıqlı mənbədir. Gələcək
illərdə bu yataqdan hasilatın artması Cənub Qaz Dəhlizinin daha
yüksək həcmdə qazla təmin edilməsinə şərait yarada bilər.




Bildirək ki, bir neçə il bundan əvvəl “Ümid” yatağının
tammiqyaslı işlənməsinə start verilib. Belə ki, 2017-ci il yanvarın
12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil
olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında yeni saziş
imzalanıb. Sazişə əsasən, “Umid Babek Operating Company” əməliyyat
şirkəti yaradılıb.

Azərbaycanın qaz siyasətinin əsasında üç əsas prinsip dayanır.
Bunlar etibarlılıq, şaxələndirmə, dayanıqlı hasilatdır. “Ümid”
yatağının işlənməsi bu prinsiplərin hər birinə uyğun gəlir. Yeni
yataqların inkişafı Azərbaycanın enerji diplomatiyasına əlavə güc
verir və ölkəni regionda enerji mərkəzinə çevirir.

Bir sözlə bu yatağın əhəmiyyəti sadəcə yeni bir qaz mənbəyinin
tapılması ilə məhdudlaşmır. Bu yataq Azərbaycanın müstəqillik dövrü
enerji tarixində dönüş nöqtəsidir.

Qeyd edək ki, yataqdan 01.11.2025-ci il tarixinədək hasilat
təqribən 12,7 milyard kubmetr qaz və 1,9 milyon ton kondensat
təşkil edib. Yataqdan sutkada orta hesabla hasilat 7 milyon
kubmetrə yaxın qaz və 0,8 min ton kondensat təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir