
Bakı. Trend:
24 noyabr 2025-ci il tarixində Paris şəhərində Ümumdünya Mədəni
və Təbii İrsin Qorunması üzrə 1972-ci il Konvensiyasına Tərəf
Ölkələrin Baş Assambleyasının 25-ci sessiyası çərçivəsində
UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) 2025-2029-cu illər üzrə
üzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Komitənin
üzvü seçilib.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, ciddi rəqabət şəraitində baş tutmuş seçkilərdə
Şərqi Avropa regionu üçün ayrılmış 1 yer uğrunda ölkəmizlə birgə 5
ölkə mübarizə aparıb.
Azərbaycan səsvermənin ilk mərhələsində 160 ölkədən 92-nin
dəstəyini təmin edərək Komitəyə üzv seçilib.
21 üzv ölkədən ibarət olan Komitə UNESCO-nun Ümumdünya İrs
Konvensiyasının həyata keçirilməsinə nəzarəti həyata keçirən əsas
icra orqanıdır. Komitənin başlıca vəzifəsi UNESCO Ümumdünya İrs
Siyahısının formalaşdırılması, dünya əhəmiyyətli mədəni və təbii
irsin tanınması, qorunması və gələcək nəsillərə ötürülməsi üzrə
fəaliyyətləri tənzimləməkdir.
Komitə həmçinin Ümumdünya İrs Fondunun vəsaitlərinin istifadə
istiqamətlərini müəyyən edir və tərəflərin müraciəti əsasında
layihələrə maliyyə dəstəyi ayırır.
Bu dəstək konservasiya işlərindən tutmuş idarəetmə planlarının
hazırlanmasına, fövqəladə hallarda yardım və müvafiq strukturların
potensialının gücləndirilməsi kimi önəmli sahələri əhatə edir.
Azərbaycan 2015-2019-cu illərdə də Komitənin üzvü olub və onun
fəaliyyətlərinə əhəmiyyətli töhfələr verib.
2019-cu ilin iyul ayında Komitənin 43-cü sessiyasına ölkəmiz ev
sahibliyi edib.
Azərbaycanın UNESCO Komitəsinə seçkilərdə qalibiyyəti ölkəmizin
regional və beynəlxalq miqyasda artan nüfuzunun bariz
nümunəsidir.

