
Bakı. Trend:
Belçika Krallığının paytaxtı Brüssel şəhərində fəaliyyət
göstərən Azərbaycan Evində Azərbaycan dili, şahmat və rəqs
dərslərinin keçirilməsinə başlanılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata
görə, tədris proqramı çərçivəsində Azərbaycan dili dərsləri ayda
iki dəfə olmaqla iki qrup üzrə təşkil olunur. Şahmat və rəqs
dərsləri isə ayda dörd dəfə, əsasən həftə sonları keçirilir.
8 yaşadək uşaqlar və böyüklər üçün ayrıca tədris qrupları
formalaşdırılıb. Bununla da Brüsseldə yaşayan müxtəlif yaş
kateqoriyalarına aid soydaşlarımıza aid öyrənmə imkanı
yaradılıb.
Layihənin məqsədi Belçikadakı Azərbaycan icması arasında
milli-mədəni dəyərlərin qorunması, uşaq, yeniyetmə və gənclərin
intellektual və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi,
eləcə də Azərbaycan dilinin tədrisinin sistemli şəkildə təşkili
üçün davamlı platforma yaratmaqdır.
Qeyd edək ki, şahmat və rəqs dərsləri “FireLand” Azərbaycanlılar
Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilir.

