
Bakı. Trend:
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal
Xidmətinin (“Rosselxoznadzor”) Federal Dövlət Büdcə Təşkilatı
“Federal Heyvan Sağlamlığının Mühafizəsi Mərkəzi”nin (ФГБУ
«ВНИИЗЖ») nümayəndələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda
(AQTİ) olublar.
Trend xəbər verir ki,
AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev nümayəndə heyətinə
İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O
qeyd edib ki, qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin
sağlamlığının qorunması məqsədilə İnstitutda qida təhlükəsizliyi,
kompleks tədqiqatlar, həmçinin bitki və heyvan sağlamlığı üzrə
ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir.
Əli Nəbiyev həmçinin bildirib ki, ölkənin biotəhlükəsizlik
statusunun daimi nəzarətdə saxlanması üçün xüsusi təhlükəli
xəstəliklərin vaxtında və dəqiq laborator diaqnostikası həyata
keçirilir. Müayinələr peşəkar kadrlar tərəfindən beynəlxalq
standartlara uyğun, etibarlı və yüksək dəqiqlikli diaqnostik
dəstlərdən istifadə etməklə aparılır. Stasionar laboratoriyalarla
yanaşı, 2+ biotəhlükəsizlik səviyyəsinə malik səyyar
laboratoriyalar da epizootoloji monitorinqlər zamanı geniş şəkildə
istifadə olunur.
Nümayəndə heyətinə başçılıq edən “Federal Heyvan Sağlamlığının
Mühafizəsi Mərkəzi”nin Tver filialının direktoru Yuliya Jiqareva
AQTİ-nin fəaliyyətini yüksək qiymətləndirib və iki ölkənin müvafiq
qurumları arasında heyvan xəstəlikləri üzrə elmi-tədqiqat işləri,
peyvənd istehsalı, idxal-ixrac əməliyyatları zamanı laborator
müayinələrin operativ aparılması istiqamətində geniş əməkdaşlıq
imkanlarının olduğunu vurğulayıb.
Görüşdən sonra qonaqlar AQTİ-nin Nümunələrlə iş şöbəsi ilə
yaxından tanış olublar. Qeyd olunub ki, əsas məqamlardan biri
nümunənin sənədlərlə birlikdə təqdim edilməsi və laborator
analizlər üçün yararlı olmasıdır. Məxfiliyin qorunması məqsədi ilə
nümunə qəbul edildikdən sonra qablaşmanın üzərinə barkod vurulur.
Barkodda yalnız nümunənin identifikasiya kodu, laboratoriyanın və
nümunənin adı, nümunənin götürülmə və istehsal tarixi məlumatları
qeyd olunur. Sonra isə nümunələr analiz üçün müvafiq
laboratoriyalara təhvil verilir.

