
Bakı. Trend:
Almaniyada yaşayan azərbaycanlı gənc pianoçu Nərmin Nəcəflinin
Berlində “Narın içində not” adlı solo konserti keçirilib.
Trend xəbər
verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun
dəstəyi ilə təşkil edilən və milli musiqimizin Avropada təbliği
məqsədi daşıyan konsert dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 140
illik yubileyinə həsr olunub.
Nərmin Nəcəfli konsertdə Azərbaycanın görkəmli bəstəkarları
Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Vaqif Mustafazadə,
Fərhad Bədəlbəyli, Adil Bəbirov, həmçinin Frederik Şopen və Frans
List kimi Avropa bəstəkarlarının əsərlərini səsləndirib. Üzeyir
Hacıbəylinin “Sevgili canan”ı zərif lirizmi ilə dinləyiciləri
duyğulandırıb, Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət” əsəri isə dinamizmi ilə iştirakçıların zövqünü oxşayıb.
Tofiq Quliyevin “Lirik Vals”ı, Vaqif Mustafazadənin “Düşüncə”si isə
improvizasiya zənginliyi ilə dərin emosional anlar yaşadıb.
Gənc pianoçunun peşəkar ifası dəfələrlə gurultulu alqışlarla
qarşılanıb.

