
Bakı. Trend:
ABŞ-nin Mayami şəhərində yerləşən Florida Beynəlxalq
Universitetinin Yəhudi muzeyində Azərbaycanın multikulturalizm və
tolerantlıq ənənələrinə həsr olunan tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata
görə, tədbir Azərbaycanda dünyaya gələn amerikalı musiqiçi,
bəstəkar, yazıçı Ella Leyanın təşkilatçılığı ilə baş tutub.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova
çıxış edərək sülhsevər xalqımızın qədim tarixə və mədəniyyətə malik
olduğunu və ölkəmizdə çoxsaylı etnik qrupların birgə, bərabər
hüquqlarla yaşadığını xatırladıb. Komitənin fərqli mədəniyyətlər
arasında körpü rolunu gücləndirərək soydaşlarımızın yaşadıqları
ölkələrin, eləcə də Azərbaycanın ictimai-mədəni həyatında fəal
iştirakını hər zaman dəstəklədiyini bildirib. Xalqımızın şanlı
Zəfər tarixindən və bu yolda həmrəyliyindən danışıb.
Tədbirin təşəbbüskarı, “Leylanın Skripkası” filminin müəllifi və
prodüseri, “Kimsəsiz səma” kitabının müəllifi, bir sıra Hollivud
filmlərində musiqiləri səsləndirilən soydaşımız Ella Leya
Azərbaycana olan sevgisini dilə gətirib, uşaqlıq və gənclik
illərinin Bakı ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb.
Monakoda keçirilən kinofestivalda mükafat qazanan “Leylanın
Skripkası” filminin Qubada və Bakıda aparılan çəkilişlərindən söz
açıb.
Culliard Musiqi Məktəbinə qəbul olunan ilk azərbaycanlı
skripkaçı, dünyanın 40-dan artıq ölkəsində səhnəyə çıxan mədəniyyət
elçisi və tədqiqatçı Səbinə Rakçeyeva mədəniyyətlərarası körpülərin
qurulmasında musiqinin birləşdirici rolunu vurğulayıb. Vətəni
Azərbaycanın zəngin mədəniyyətindən bəhs edib. O, Azərbaycan
musiqiləri ilə yanaşı, ölkəmizdə yaşayan dağ yəhudilərinin
əsərlərindən parçalar səsləndirib.
Amerika Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə
Eminova tədbir iştirakçılarına Floridada Azərbaycan icmasının
fəaliyyəti ilə bağlı məlumat verib.
Florida Universitetinin professoru Tyudor Parfit (Tudor Parfitt)
çıxışında Azərbaycanda birgə yaşayış ənənələri barədə faktları və
fikirlərini diqqətə çatdırıb.
Yəhudi muzeyinin maarifləndirmə, tədqiqat və əməkdaşlıq
proqramları üzrə məsul şəxsi Boaz Levi (Boaz Levy) Azərbaycanın
tanıdılması üçün bu görüşün yaratdığı imkanları yüksək
qiymətləndirib. Muzeyin icraçı direktoru Syuzan Qledston Pasternak
(Susan Gladstone Pasternack) isə bu tədbirdə Azərbaycan haqqında
yeni məlumatlar öyrəndiyini və belə görüşlərin Amerika ictimaiyyəti
üçün çox faydalı olduğunu söyləyib.
Daha sonra “Leylanın Skripkası” filmi nümayiş olunub və
auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri
mövzusunda müzakirələr Mayami Universitetində növbəti gün də davam
etdirilib. Ella Leya və Universitetinin dini tədqiqatlar üzrə
professoru Henri Qrin (Henry Green) tələbələrə Azərbaycan və onun
sosial-mədəni həyatı, multikultural ənənələri ilə bağlı məruzə
oxuyublar.

