
Bakı. Trend:
Ostin şəhərində yerləşən Texas Universitetinin “Bates Recital
Hall” zalında ABŞ-də yaşayan azərbaycanlı musiqiçi, dirijor Fərhad
Xudiyevin konserti olub.
Trend xəbər verir ki, bu
barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Konsertdə Texas Simfonik Orkestrinin direktoru Fərhad Xudiyevin
dirijorluğu ilə maestro Niyazinin “Çitra” baletindən “Final” rəqsi
ABŞ-də ilk dəfə səsləndirilib. Bu ifa böyük coşqunluqla qarşılanıb
və alqışlara səbəb olub. Dmitri Şostakoviçin 10-cu Simfoniyasından
seçilmiş parçalar da izləyicilərin zövqünü oxşayıb.
Konsert proqramında Fərhad Xudiyevin repertuar seçimi musiqinin
sərhədləri aşan, mədəniyyətləri birləşdirən gücünü bir daha nümayiş
etdirib.

