
Bakı. Trend:
NATO-nun Baş katibi Mark Rutte Brüsseldə keçirilən üçüncü NATO
Bulud Konfransında Alyansın rəqəmsal müdafiəsinin
möhkəmləndirilməsində sənayenin həlledici rol oynadığını
bildirib.
Trend xəbər verir
ki, tədbirdə NATO və tərəfdaş ölkələrdən hökumət, sənaye və
akademik dairələri təmsil edən 500-dən çox nümayəndə iştirak
edib.
M.Rutte artan qlobal təhdidlər fonunda daha sıx əməkdaşlığın
zəruri olduğunu qeyd edərək, rəqiblərin süni intellekt və kvant
hesablama sahəsində irəliləyişlərinə diqqət çəkib. O, üzv ölkələri
bulud texnologiyalarının tətbiqini sürətləndirməyə çağırıb.
Baş katib NATO-nun Bulud və Edge hesablama siyasətinin və
“Allied Software for Cloud and Edge Services (Project ACE)”
təşəbbüsünün qətiyyətlə icrasının vacibliyini vurğulayıb. Onun
sözlərinə görə, bu addım məlumat mübadiləsini sürətləndirəcək və
qərarvermə prosesini daha səmərəli edəcək.
Rusiya hücumları fonunda Ukraynanın bulud sistemlərinə sürətli
keçid təcrübəsini nümunə göstərən M.Rutte, Haaqa Sammitində qəbul
edilən qərarları da yada salıb. Xüsusilə 2035-ci ilədək ÜDM-in 5
faizinin hərbi xərclərə yönəldilməsi öhdəliyinin kibermüdafiə, süni
intellekt və bulud texnologiyalarına investisiyaların artırılmasına
geniş imkan yaratdığını bildirib.
Baş katib rəqəmsal suverenliklə bağlı narahatlıqlara toxunaraq,
milli nəzarət ilə kollektiv imkanlar arasında düzgün balansın
tapılmasının vacib olduğunu qeyd edib. O, bulud texnologiyaları və
“edge computing”in sürət üstünlüyünün hərbi sahədə böyük fayda
verdiyini, NATO daxilində daha dayanıqlı texnoloji infrastruktur və
müttəfiqlər arasında gücləndirilmiş əməkdaşlığın zəruri olduğunu
vurğulayıb.

