Məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə mənbəyi (FOTO)

Baş səhifə

Bakı. Trend:

bp bu gün Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və
Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – “SOCAR”,
“TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”,
“İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından
Azərbaycanda rəqəmsal təhsil imkanlarının artırılmasına yönəlmiş
bir sosial investisiya layihəsinin ikinci mərhələsinin uğurla
tamamlandığını elan edib.

Layihə LANDAU Educational Technologies MMC ilə əməkdaşlıqda
həyata keçirilib. Layihədə əsas məqsəd 9-cu və 11-ci sinif ingilis
dili buraxılış imtahanlarına hazırlaşan şagird və müəllimləri
dəstəkləmək olsa da, təqdim olunan yüksək keyfiyyətli və əlçatan
rəqəmsal məzmun 5–11-ci siniflərin bütün şagirdlərinin istifadəsi
üçün uyğundur. Ümumilikdə, yeni materiallar ingilis dilini öyrənmə
nəticələrini yaxşılaşdırmaq, həmçinin şagirdlərin dərs prosesində
iştirak fəallığını artırmaq üçün orta məktəblərin bütün sinifləri
üçün yararlıdır.

Layihənin bu yeni mərhələsi əvvəlki səylərin uğuruna əsaslanaraq
geniş əhatəli yeni öyrənmə materialları təqdim edir, o cümlədən 60
saatlıq dərs müddətinə uyğun 350 tədris videosu; imtahana hazırlıq
üçün 14000 sualdan ibarət sual bankı; imtahan şəraitini simulyasiya
etmək üçün 70 test toplusu; dərs tədris prosesində müəllimlərə
kömək məqsədi ilə hazırlanmış təqdimatlar və iş vərəqləri; həmçinin
müəllimlərin ev tapşırıqları verməsinə və şagirdlərin irəliləyişini
izləməsinə imkan verən rəqəmsal platforma.

Ümumilikdə, bu təşəbbüs əlçatan tədris materialları sahəsində
mövcud boşluqları doldurmaqla ölkənin hər yerində həm şagirdlərə,
həm də müəllimlərə ünvanlanıb. Ölkə üzrə 500 müəllimin və 10000
şagirdin layihədən bəhrələnəcəyi gözlənilir.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar
Aslanbəyli:




“Azərbaycanda təhsilin inkişafını innovativ rəqəmsal resurslar
və həllər vasitəsilə dəstəkləməyə davam etməkdən çox məmnunuq. Bu
layihə təkcə şagirdləri ingilis dili imtahanlarında uğur qazanmaq
üçün onlara lazım olan vasitələrlə təmin etmir, o həm də
müəllimlərə müasir dərs resursları təqdim etməklə onların rolunu
gücləndirir. Azərbaycan məktəbləri üçün məzmun hazırlanmasına
sərmayə qoymaqla biz ölkənin təhsil potensialının artırılmasına və
keyfiyyətli təhsilin hər bir şagird üçün əlçatan olmasına töhfə
vermək istəyirik.”

Layihənin ikinci mərhələsinin ümumi dəyəri təxminən 307500 AZN
(180882 ABŞ dolları) təşkil edib. Bunun 200000 AZN-ni (117647 ABŞ
dolları) bp və onun tərəfdaşları, qalanını isə LANDAU Educational
Technologies MMC ödəyib.

Müddəti bir il olan layihənin icraçısı Aspire Learning App kimi
tanınan LANDAU Educational Technologies MMC-dir.

Layihənin nəticəsi olaraq hazırlanmış bütün materiallar ümumi
istifadəyə açıqdır və ənənəvi tədris kontentini tamamlamaq məqsədi
daşıyır. Bu materiallar yerindən və şəraitindən asılı olmayaraq
bütün şagirdlərə çevik və inklüziv öyrənmə imkanları yaradır. Yeni
məzmun bütövlükdə www.aspirelearning.app. vebsaytında
yerləşdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir