
Bakı. Trend:
Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında
Azərbaycan təmsilçisi Samira Efendinin Ermənistan nümayəndəsinə 12
bal verməsi və daha sonra həmin iştirakçının Efendiyə yaxınlaşıb
onu qucaqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb
olub.
Trend xəbər
verir ki, Samirə Efendi və komandası mövzu ilə bağlı açıqlama
yayıb.
Bildirilib ki, bu jest sırf münsiflik etikası, səhnə mədəniyyəti
və insani münasibətlər çərçivəsində baş verib. Hadisənin
milli-mənəvi dəyərlərimizə hörmətsizlik kimi təqdim olunması
gerçəkliyi əks etdirmir:
“Samira Efendi yaradıcılıq fəaliyyəti boyunca milli dəyərlərə
bağlılığını daim nümayiş etdirib. Xatırlatmaq istərdik ki, 2023-cü
ildə “Altın Kelebek” mükafatından əldə etdiyi bütün gəlir
Azərbaycan şəhidlərinin övladlarına və Türkiyədə deprem nəticəsində
ailəsini itirmiş uşaqlara bağışlanmışdır. Səs Azərbaycan
layihəsindəki çıxışından sonra isə o, şəhid ailələrinin övladları,
eləcə də daun və autizm sindromlu uşaqlar üçün təşkil olunan
tədbirlərdə dəfələrlə iştirak edərək sosial məsuliyyət nümunəsi
göstərmişdir. Bu fəaliyyət onun illərdir davam edən humanizm və
vətənpərvərlik mövqeyini açıq şəkildə təsdiq edir.
Hazırda Azərbaycan–Ermənistan sülh prosesinin dövlət
səviyyəsində ən yüksək mərhələyə çatdığı bir dönəmdə humanist
jestlərin yanlış anlaşılmaması xüsusi önəm daşıyır. Saziş mətninin
artıq paraflanması və prosesin rəsmi icra mərhələsinə daxil olması,
eləcə də bir neçə gün əvvəl erməni nümayəndə heyətinin Bakıya
səfəri regionda yeni siyasi reallığın formalaşdığını göstərir. Bu
kontekstdə beynəlxalq platformalarda nümayiş etdirilən mədəni və
insani münasibətlər ölkəmizin sülh, sabitlik və diplomatik
yumşaqlıq siyasəti ilə tam uyğunluq təşkil edir.
Samira Efendi məsələyə “Tarixin Bir Günü” verilişində şəxsi
münasibətini belə ifadə edib:
“Mən hər zaman xalqımın yanındayam. Şəhidlərimizin xatirəsi
mənim üçün hər şeydən üstündür. Dövlətimizin apardığı sülh
siyasətinə hörmət edir və dəstək verirəm. Bir qazi övladı kimi
tarix yaddaşı mənim üçün dəyişməzdir – biz keçmişi unutmuruq,
unutdurmuruq. Amma gələcək bizim məsuliyyətimizdədir; övladlarımıza
daha təhlükəsiz, mehriban və sülhlə dolu bir dünya ötürmək
borcumuzdur. Layihədə etdiyim jest isə sadəcə insanlıq idi –
musiqinin insanları birləşdirən, siyasətdən kənar bir güc olduğuna
inanıram.”
Samira Efendi həm yaradıcılığında, həm də şəxsi mövqeyində
Azərbaycan dəyərlərinə sadiq olaraq fəaliyyət göstərir və ölkəmizin
humanizm və sülh yönümlü siyasətini dəstəkləyir”, – deyə açıqlamada
bildirilib.
Qeyd edək ki, Astanada təşkil olunan beynəlxalq musiqi
müsabiqəsinin final mərhələsiAzərbaycanı münsif qismində təmsil
edən müğənni Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana
ən yüksək xal olan 12 bal verib. Daha sonra Saro Gevorkyan Samirə
Əfəndiniyə yaxınlaşaraq onu qucaqlayıb. Bu sosial şəbəkələrdə geniş
müzakirə olunub.

