
Bakı. Trend:
Xəzər regionunda yeni resursların kəşfi üçün imkanlar
böyükdür.
Trend xəbər
verir ki, bunu BCG Azərbaycanın İdarəedici direktoru və tərəfdaşı
Vladimir Roqov bu gün Bakıda keçirilən SPE 2025 Xəzər Texniki
Konfransında deyib.
Onun sözlərinə görə, son beş ildə paralel olaraq baş verən
proseslərə nəzər saldıqda, sənayenin istiqamətinin dəyişdiyi
görünür:
“Şirkətlər prioritetlərini dəyişərək səhmdarların gəlir
ödənişlərinə üstünlük verməyə, reinvestisiya səviyyəsini isə
azaltmağa başladılar. Bu ödənişləri davamlı saxlamaq zərurəti CAPEX
xərclərinə əlavə təzyiq yaradır və nəticədə kapital qoyuluşu
uğrunda rəqabəti daha da gücləndirir. Buna görə də, əgər Xəzər
regionu bu investisiyaları cəlb etmək istəyirsə, biz həmin
kapitalın digər coğrafiyalara deyil, məhz buraya yönəlməsi üçün
uyğun şərait yaratmalıyıq. Enerji keçidi fonunda investorların
gözləntiləri də dəyişib: maneə faizləri (hurdle rates) yüksəlir,
investisiyalar əvvəlki onilliklərlə müqayisədə daha yüksək risk
kimi qiymətləndirilir və investorlar həm daha sürətli, həm daha
yüksək gəlir tələb edirlər. Bu isə layihələrə əlavə təzyiq göstərir
və daha müasir texnologiyaların tətbiqini, həmçinin bütün
ekosistemin daha böyük səylə prosesə cəlb olunmasını tələb
edir.
Çünki digər regionlardan fərqli olaraq, Xəzər hövzəsində
investisiya aktivliyi bu onilliyin əvvəlindən etibarən nisbətən
zəifləyib. Halbuki əvvəlki onillikdə regionun payına digər
bölgələrlə müqayisədə daha yüksək həcmdə CAPEX düşürdü. Bu
onillikdə isə həm Qazaxıstanda, həm də Azərbaycanda böyük layihələr
əsasən tamamlanaraq hasilat mərhələsinə keçdiyi üçün investisiya
səviyyəsi azalıb. Hazırda investisiyalar əvvəlki dövrə nisbətən
təxminən 50% aşağıdır və mövcud planlara əsasən növbəti onillikdə
də daha aşağı səviyyədə qala bilər”.
O bildirib ki, beft ehtiyatları dünya üzrə yalnız 2% təşkil etsə
də, qlobal qaz ehtiyatlarının 10%-i məhz bu regiondadır:
“Region həm Avropa, həm də Asiya ilə birləşdirən infrastrukturla
təchiz olunub. Dünyanın demək olar ki, bütün böyük şirkətləri üçün
ən strateji layihələr məhz burada yerləşir. Azərbaycanda BP,
Xəzərin digər sahillərində Chevron, Exxon, Shell, Eni və digər iri
şirkətlərin iştirakı ilə həyata keçirilən layihələr onların
portfellərində ən iri aktivlər sırasındadır”.
V. Roqov vurğulayıb ki, yeni resursların kəşfi üçün imkanlar
böyükdür:
“Keçmişdə geoloji-kəşfiyyat (exploration) xərcləri kifayət qədər
aşağı idi, ona görə də hələ çox potensial araşdırılmamış olaraq
qalır. Son illərdə həm Azərbaycanda, həm də Xəzərin digər
ərazilərində kəşfiyyat işlərinin aktivləşməsi, habelə imzalanan
yeni Anlaşma Memorandumları bunu bir daha təsdiqləyir. Eyni zamanda
Babək Məlimin qeyd etdiyi kimi, artıq 80 ilə yaxındır işlədilən
yataqların bərpası üçün də böyük imkanlar mövcuddur. Çünki bu
yataqlarda hasilat əmsalları hələ də aşağıdır və yerin altında
kifayət qədər böyük neft-qaz ehtiyatı qalır. Dünyanın müxtəlif
regionlarında geniş tətbiq olunan texnologiyaların bir çoxu burada
hələ də sınaq mərhələsindədir və geniş miqyasda tətbiq edilmir.
Məsələn, geniş istifadə olunan Enhanced Oil Recovery (EOR)
metodları bizdə tam tətbiq olunmayıb.
Bu kontekstdə bugünkü panelin bizə Xəzər regionunda çalışan
aparıcı şirkətlərin mövcud imkanlar, çətin hasil olunan
ehtiyatların açılması və regiondakı geosiyasi-iqtisadi mühit
fonunda bu imkanlardan necə istifadə etməyi planlaşdırdıqları
barədə əhəmiyyətli baxış təqdim edəcəyini düşünürük”.

