
Bakı. Trend:
“Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən və eyni
zamanda xalqın tarix yaddaşının mühüm sütunlarından biridir. Bu
diyarın hər qayası, hər vadisi min illərin səsini yaşadır”.
Bu sözləri 25 noyabr – Kəlbəcər Şəhəri Günü ilə əlaqədar
Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O bildirib ki, “Kəlbəcər” adının özü belə keçmişimizin dərin
qatlarından gəlir. “Çay üstündə qala” mənasını verən bu toponim
bölgənin həm coğrafi mövqeyini, həm də strateji əhəmiyyətini aydın
göstərir. Buradakı təbii mağaralar, qayaüstü təsvirlər, çöp işarəli
türk əlifbası nümunələri, müxtəlif dini mərhələlərin izlərini
daşıyan abidələr Kəlbəcərin təkcə bir coğrafi məkan deyil, həm də
sivilizasiyaların qovuşduğu tarixi bir zirvə olduğunu təsdiqləyir.
Bu uca dağların qoynunda yaşayan xalqımız əsrlər boyu öz
mədəniyyətini qoruyub, bölgənin sərt təbiətində həyatını davam
etdirib, bu torpağı özünün ayrılmaz yurdu kimi yaşadıb.”
Millət vəkili qeyd edib ki, keçən əsrin sonlarında Ermənistanın
Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti Kəlbəcərin də
taleyinə ağır bir zərbə vurdu: “1993-cü ildə rayonun işğalı
minlərlə ailənin doğma yurdlarından didərgin düşməsinə, yüzlərlə
günahsız insanın qətlə yetirilməsinə səbəb oldu. Kəlbəcər kimi
təbii sərvətlərlə zəngin bir bölgə tamamilə talan edildi, tarixi
abidələr, məktəblər, kitabxanalar, mədəniyyət evləri və müəssisələr
vəhşicəsinə dağıdıldı. Beynəlxalq təşkilatların çağırışlarına
baxmayaraq, Ermənistan BMT Təhlükəsizlik Şurasının 822 saylı
Qətnaməsini yerinə yetirmədi. İşğal illərində Kəlbəcər bölgəsinin
həm insani, həm mədəni, həm də iqtisadi potensialına ağır zərbə
vuruldu. Bu illər Azərbaycan xalqının yaddaşına həm də
ədalətsizliyə qarşı mübarizənin, dözümün və səbirli gözləntinin
simvolu kimi həkk olundu. 2020-ci ilin Vətən müharibəsi Kəlbəcərin
taleyində dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu ilk günlərdən
etibarən Kəlbəcər istiqamətində strateji yüksəklikləri nəzarətə
götürərək Ermənistan ordusunun hərəkət imkanlarını demək olar ki,
tam məhdudlaşdırdı. Bu, ümumi qələbənin əsas şərtlərindən biri idi
və nəticədə 10 noyabr Bəyanatı ilə Kəlbəcər rayonu bir güllə
atılmadan Azərbaycana qaytarıldı. 25 noyabrın Kəlbəcər Şəhəri Günü
kimi rəsmən təsis olunması isə bu tarixi qayıdışın rəmzinə
çevrildi. Bu gün Kəlbəcər öz dirçəliş dövrünü yaşayır. Şəhərsalma
layihələri, yeni yaşayış məhəllələri, kəndlərin bərpası, su
elektrik stansiyalarının qurulması, müasir avtomobil yollarının
çəkilməsi bölgəni qısa zamanda yenidən həyat dolu bir məkana
çevirir. Yeni Kəlbəcər təkcə bir rayonun yox, bütöv Azərbaycanın
gücünün, iradəsinin və dövlətçilik əzminin təcəssümüdür. Bu
dirçəlişin arxasında güclü siyasi iradə, cənab Prezident İlham
Əliyevin rəhbərlik etdiyi strateji inkişaf xətti və xalqımızın
sarsılmaz birliyi dayanır”.

