“Səyyar Gənclər Xidməti” fəaliyyətini Xankəndidə uğurla yekunlaşdırıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Suveren dövlət, vətənpərvər gənclik” devizi ilə keçirilən
gənclərin hərtərəfli inkişafına dəstək olan “Səyyar Gənclər
Xidməti”nin bağlanış mərasimi Xankəndidə uğurla başa
çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan
olunması çərçivəsində həyata keçirilən layihə, ölkə gəncləri
arasında dövlət suverenliyi və müstəqillik anlayışlarının
dərinləşdirilməsinə, tarixi Zəfərimizin mahiyyətinin yeni nəslə
aşılanmasına, həmçinin regionlarda innovativ təşəbbüslərin
təşviqinə xidmət edib.

Layihə cari ilin avqust ayından etibarən 15 şəhər və 132 kəndi
əhatə etməklə 5000-dən çox gənci bir araya gətirib. Xidmətin yekun
mərhələsi olaraq Xankəndidə keçirilən bağlanış mərasimi Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın
azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
Prezidentin Xüsusi Nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov,
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru
vəzifəsini icra edən Yusif Vəliyev, Qarabağ Universitetinin
Maliyyə-təsərrüfat işləri üzrə prorektoru Rüstəm İsgəndərli və
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev
çıxış edərək “Səyyar Gənclər Xidməti”nin ölkə gənclərinin
maarifləndirilməsinə, dövlətçilik dəyərlərinə bağlılığının
gücləndirilməsinə və onların şəxsi inkişafına verdiyi töhfələri
yüksək qiymətləndiriblər.




Tədbirin rəsmi hissəsindən sonra “Gənc Könüllülər” İctimai
Birliyinin sədri Ayxan Allahverdiyev rəsmi qonaqları və
iştirakçıları xidmətin fəaliyyət sahəsi ilə tanış edib. Ardınca
açıq hava şəraitində gənclərin iştirakı ilə dövlət gənclər
siyasəti, ixtisas seçimi, karyera planlaması, şəxsi inkişaf və
könüllülük kimi mövzuları əhatə edən maarifləndirici sessiyalar və
təlimlər keçirilib.

Bununla yanaşı, gənclərin yaradıcı potensialını üzə çıxarmaq
məqsədilə interaktiv fəaliyyətlər — vörkşoplar, master-klasslar,
intellektual yarışlar və viktorinalar təşkil olunub. Stolüstü
oyunlar və komanda əsaslı əyləncə proqramları gənclərin asudə
vaxtının səmərəli təşkili və sosial bacarıqlarının inkişafına
şərait yaradıb. Fəaliyyətlərdə fəallığı ilə fərqlənən iştirakçılar
mükafatlandırılıb.

Xatırladaq ki, “Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan
Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai
Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə
təşkilatçılığı ilə həyata keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir