
Astana. Trend:
Qazaxıstan Aktau şəhərində yeni dəniz limanı inşa etməyi
planlaşdırır.
Trend-in
Qazaxıstan hökumətinə istinadən verdiyi xəbərə görə, bunu hökumətin
iclasında Manqıstau vilayətinin hakimi Nurdövlət Kilıbay
bildirib.
Onun sözlərinə görə, investisiya layihəsinin dəyəri 300 milyon
ABŞ dollarıdır. Layihənin tərəfdaşı Çin şirkətlər qrupu “Zhongyun
International”dır. Hazırda investor regionda şirkəti artıq
qeydiyyatdan keçirib və İnvestisiya Sazişinin imzalanması üçün
sənədləri hazırlayır.
“Layihə yeni beynəlxalq nəqliyyat dəhlizinin – Çin – Qazaxıstan
– Aktau – Bakı – Poti – Avropa marşrutunun formalaşmasına töhfə
verəcək. Bu dəhlizin həyata keçirilməsi yüklərin çatdırılma
müddətini 7–15 gün azaltmağa, nəqliyyat xərclərini 18–25 faizə
endirməyə, həmçinin yeni iş yerləri yaratmağa imkan verəcək”, –
deyə Kilıbay vurğulayıb.
Bundan əvvəl iclas zamanı Qazaxıstanın nəqliyyat naziri Nurlan
Sauranbayev ilin sonuna kimi Çin şirkəti “Lianyunqanq” ilə birgə
Aktau limanında konteyner qovşağının inşasının birinci mərhələsinin
başa çatdırılacağını bildirmişdi.

