Travma hadisəsində vətəndaşın ilk görməli olduğu tədbirlər – Baş həkimdən tövsiyələr

Baş səhifə

Bakı. Trend:

“Hər il ölkəmizdə müxtəlif travma və qəza halları baş verir. Bu
zaman zərərçəkənə göstərilən ilk yardım çox vaxt onun həyatını
xilas edə bilər. Hər bir vətəndaş travma hadisəsində necə
davranacağını bilməli və ilkin yardım qaydalarına bələd
olmalıdır”.

Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat
Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini
– baş həkim Nizami Məmmədov “Sağlam radio”nun (93 FM) “Sağlam
səhər” verilişində açıqlayıb.

Onun sözlərinə görə, vacib məsələ təhlükəsizliyin təmin
edilməsidir:

“Hadisə yerində əvvəlcə vəziyyəti dəyərləndirmək, həm öz, həm də
zərərçəkənin təhlükəsizliyini qorumaq lazımdır. Əgər yanğın, qaz
sızması və ya elektrik təhlükəsi varsa, ora yaxınlaşmaq olmaz.
Təhlükə aradan qaldırıldıqdan sonra yardım göstərmək mümkündür.
Növbəti addım təcili tibbi yardım çağırmaqdır. Hadisənin yeri,
yaralanmanın xarakteri və zərərçəkənlərin sayı barədə aydın məlumat
verilməlidir. Yardım gələnə qədər operatorun verdiyi təlimatlara
əməl etmək vacibdir. Zərərçəkənə yaxınlaşdıqda ilk olaraq onun
şüuru, tənəffüsü və nəbzi yoxlanılmalıdır. Əgər zərərçəkən
şüurludursa, onu sakitləşdirmək, hərəkət etdirməmək və vəziyyətini
sabit saxlamaq lazımdır. Şüursuz vəziyyətdə olan şəxslərdə isə
tənəffüs yoxdursa, süni tənəffüs və ürək masajı
başlanılmalıdır.




Qanaxma müşahidə olunarsa, dərhal dayandırmaq həyati əhəmiyyət
daşıyır. Bu zaman təzyiqli sarğıdan və ya lazım gəldikdə turnikedən
istifadə edilir. Hər bir dəqiqə vacibdir – qanaxmanın qarşısını
vaxtında almaq insanın həyatını xilas edə bilər”.

Baş həkim qeyd edib ki, sınıq və çıxıq hallarında zərərçəkəni
hərəkət etdirmək olmaz:

“Sadəcə olaraq ətraf sabit vəziyyətdə saxlanmalı və tibbi
yardımın gəlməsi gözlənilməlidir. Eyni zamanda, zərərçəkən soyuq
hava şəraitindədirsə, onu isti saxlayacaq vasitələrlə örtmək,
psixoloji cəhətdən sakitləşdirmək tövsiyə olunur. Unutmaq olmaz ki,
düzgün və vaxtında göstərilən ilkin yardım çox zaman ixtisaslaşmış
tibbi müdaxilədən öncə həyati funksiyaları qorumağa kömək
edir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir