
Bakı. Trend:
“IDIBELL” tədqiqatçıları orqanizmin qocalması ilə mübarizə
yanaşmasını radikal şəkildə dəyişə biləcək bir strategiya təqdim
ediblər.
Trend xəbər verir
ki, araşdırmanın nəticələri “Nature Aging” (NA) elmi dərgisində
nəşr olunub.
Tədqiqat qrupunun alimləri “RhoA” zülalını bloklayan “Rhosin”
adlı preparat vasitəsilə qan yaradan kök hüceyrələrini
“cavanlaşdırmağa” nail olublar.
Məlum olub ki, bu zülal yaşlanan sümük iliyi hüceyrələrində
həddindən artıq aktiv olur; həmin hüceyrələrin nüvəsində artan
mexaniki gərginliyə reaksiya verərək immunitetin zəifləməsinə və
qan regenerasiyasının aşağı düşməsinə səbəb olan pozuntular
zəncirini işə salır.
Müəlliflər vurğulayırlar ki, ənənəvi qocalma əleyhinə
texnologiyalar qocalmanın yalnız nəticələrini ləngidir, yeni
yanaşma isə onun fundamental mexanizminə — qanyaradıcı kök
hüceyrələrdə baş verən yaşa bağlı dəyişikliklərə təsir
göstərir.
Əgər nəticələr klinik sınaqlarda təsdiqlənsə, qanın farmakoloji
“cavanlaşdırılması” sağlamlığın uzadılması və yaşla bağlı
xəstəliklərin profilaktikası üçün real bir vasitəyə çevrilə
bilər.

