ABŞ-də yaşayan soydaşımızın İçərişəhərdə rəsm sərgisi keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

ABŞ-də yaşayan Azərbaycan əsilli rəssam Lalə Bağırzadənin
“Fırçanını səsləri: Sevilən torpaqlardan keçən səyahət” adlı fərdi
rəsm sərgisi keçirilib.

Trend xəbər
verir ki, sərgi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi, ABŞ-də fəaliyyət göstərən Azərbaycan Dostluq
Təşkilatının təşəbbüsü ilə İçərişəhərdəki Bakı Fotoqrafiya Evində
baş tutub.

Burada rəssamın müxtəlif mövzulara həsr olunan 20-yə yaxın rəsm
əsəri sənətsevərlərə təqdim edilib.

Açılış mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət
Komitəsinin sədr müavini Vaqif Seyidbəyov harada yaşamasından asılı
olmayaraq bütün azərbaycanlıların milli-mədəni kimliyinin qoruması,
yaradıcı fəaliyyətinin inkişaf etdirilməsi və dünyaya tanıdılması
üçün dövlət səviyyəsində daim dəstək göstərildiyini vurğulayıb,
soydaşımıza yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad
Xəlilov, “İçərişəhər” Tarixi – Memarlıq Qoruğu İdarəsinin Aparat
rəhbərinin müavini Rəna Nəsirova – Mustafayeva, Azərbaycan Dostluq
Təşkilatının rəhbəri Adika İqbal və digərləri çıxışlarında rəssamın
yaradıcılığının milli mədəniyyətimizin təbliğindəki rolunu yüksək
qiymətləndiriblər. Soydaşımızın əsərlərinin Azərbaycan
torpaqlarının ruhunu, gözəlliyini və duyğusal enerjisini tamaşaçıya
incəliklə çatdırdığını söyləyiblər.




Rəssam Lalə Bağırzadə sərgiyə verilən dəstəyə görə
təşkilatçılara və iştirakçılara təşəkkür edib, Azərbaycan
mədəniyyətini dünyada tanıtmaq üçün bundan sonra da ardıcıl
fəaliyyət göstərəcəyini bildirib.

Sonda Aprel şəhidi Urfan Vəlizadənin yadigarı Betül Vəlizadə
rəssam Lalə Bağırzadəyə kiçik bir xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, soydaşımız sərgidən öncə “Zəfər” Şəhid Ailələrinə
Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid uşaqları üçün
rəsm üzrə ustad dərsi keçib. Dərsdə uşaqların çəkdikləri Şuşa
qalasının Gəncə qapısı şəkilləri də bu sərgidə nümayiş olunub.

Bakıya səfəri müddətində Lalə Bağırzadə Azərbaycan Rəssamlar
İttifaqının sədri Fərhad Xəlilovla da görüşüb. Görüşdə Azərbaycan
mədəniyyətinin təbliği məqsədilə əməkdaşlıq imkanlarına dair
müzakirələr aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir