
Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti
25-26 noyabr 2025-ci il tarixlərində Nayrobidə (UNON) keçirilən
UN-Habitat-ın İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak
edir.
Bu barədə Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən
məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətinə Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Prezident
Administrasiyasının və Xarici İşlər Nazirliyinin təmsilçiləri
daxildir.
Sessiyanın ilk günü tədbirə qatılan nümayəndələr UN-Habitat-ın
təşkilati, maliyyə, proqram və inzibati məsələlərinin müzakirəsində
iştirak edib.
Bununla yanaşı, iclas çərçivəsində “Hər Kəs üçün Münasib Mənzil”
qətnaməsi üzrə Hökümətlərarası İşçi Qrupun həmsədrlərinin çıxışı
baş tutub.
Anar Quliyev Azərbaycan və Somali tərəfindən yeni seçilmiş
həmsədrlərin mövqeyini təqdim edib. Həmsədrlik mandatı ölkələrə
2025-ci ilin oktyabrında keçirilmiş ikinci sessiyanın qərarına
əsasən verilib.
Anar Quliyev İşçi Qrupunun qlobal mənzil siyasətinə töhfəsini
vurğulayaraq, Azərbaycan və Somalinin qarşıdakı dövrdə həyata
keçirəcəyi əsas istiqamətləri diqqətə çatdırıb. O, həmçinin ikinci
sessiyanın nəticələri, görülmüş işlər və növbəti mərhələnin
prioritetləri barədə məlumat verib.

