
Bakı. Trend:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tərəfindən
ötən dövr ərzində stomatoloji xidmətlərin təşkili, keyfiyyəti,
xidmət həcmi, əlçatanlığı, həkim qəbulu, infrastruktur və bu sahədə
şəffaflığın artırılması məqsədilə ətraflı təhlil və qiymətləndirmə
işləri aparılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.
Bildirilib ki, bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda
cari ilin ötən müddəti ərzində bir sıra stomatoloqların pasiyent
qəbul etmədiyi, xidmət keyfiyyətinin aşağı olması, vətəndaş
narazılıqları və ödənişlərin rəsmi nağdsız ödəniş sistemi
(POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni
müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə
edilib:
“Qeyd edirik ki, TƏBİB-in Müşahidə Şurasının 21 iyul 2025-ci il
qərarı ilə vəzifə öhdəliklərinin xarakterini və müvafiq həkim
ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı
xüsusiyyətlərini nəzərə alaraq 1 avqust tarixindən etibarən uşaq
stomatoloqu ixtisası üzrə çalışan həkimlərə sabit aylıq
həvəsləndirici əlavələr təyin olunub. Yeni qərarla həvəsləndirici
əlavələr 250 manat məbləğində müəyyən olunub”.
“Qeyd edək ki, TƏBİB tabeli tibb müəssisələrində ixtisarla bağlı
stomatoloqlar sosial şəbəkələrdə şikayətlər paylaşıblar.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək
Məcəlləsinin tələbləri də nəzərə alınmaqla, müəssisə rəhbərləri
tərəfindən ştatların ixtisarı ilə bağlı öncədən xəbərdarlıq
olunub.
Əlavə olaraq bildiririk ki, stomatoloji xidmətlər icbari tibbi
sığorta təminatına daxil olmayan və ödənişli əsaslarla göstərilən
tibbi xidmətlərdir. 149 sayda stomatoloji xidmətlərtlərin tarifləri
TƏBİB-in Müşahidə Şurasının qərarı ilə təsdiq olunub”, –
məlumatda əlavə olunub.

