Soydaşlarımız Odessada ağacəkmə aksiyası keçirib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ukraynanın Odessa şəhərində “Birlik” Diaspor Təşkilatı və
soydaşlarımız 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyası
keçiriblər.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Bildirilib ki, Odessada salınması planlaşdırılan “Azərbaycan”
parkında təşkil olunan aksiyada soydaşlarımızla yanaşı, Odessa
şəhər merinin birinci müavini Aleksandr Filatov, meriyanın
nümayəndələri, Odessanın ictimai-siyasi xadimləri iştirak
ediblər.




Aleksandr Filatov şəhərin etnik azərbaycanlı sakinlərinin
Odessanın inkişafında, ətraf mühitinin qorunmasında fəal iştirak
etdiklərini bildirib. O, 300-dən artıq ağacın əkilməsinin Odessa
şəhərinin ekologiyasına dəyərli töhfə verəcəyini diqqətə
çatdırıb.

“Birlik” Diaspor Təşkilatının sədri Cəlil Astanov müharibə
şəraitinə baxmayaraq, 30 mindən çox azərbaycanlının Odessa
şəhərində və vilayətində aktiv fəaliyyətlərini davam etdirdiyini
söyləyib. “Bugünkü aksiyamız Zəfərimizin 5 illiyinə həsr edilib.
Həmçinin aksiya zamanı milli mətbəximiz də nümayiş olunub”, – deyə
soydaşımız məlumat verib.

Qeyd edək ki, sahəsi 3 hektardan artıq olacaq parkda
Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən məlumat guşələri,
muzey, uşaqlar və böyüklər üçün istirahət məkanları, idman
zonaları, eləcə də “Azərbaycan” foto guşəsinin yaradılması
planlaşdırılır. Şəhər ictimaiyyəti layihəni yüksək qiymətləndirir
və parkın həm sakinlər, həm də turistlər üçün cəlbedici bir məkan
olacağına inanır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir