
“Kəlbəcərin dağları adamı qucaqlayır, bu torpaq möcüzədir”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib.
“Mən ilk dəfədir Kəlbəcərdəyəm. Açıq deyim ki, möhtəşəm təsərrüfat və möcüzəvi bir məkandır. Şuşanın dağları gözəldir, amma Kəlbəcərin dağları insanı sanki qucaqlayır, əhatə edir. Mən belə bir yer görməmişəm — bəlkə də dünyada bənzəri yoxdur. İsti suya getdik, turş sudan içdik… Bu torpaq deyil, möcüzədir. Bu böyük sərvətdir.”
Bədəlbəyli Azərbaycan Prezidentinin 5 il əvvəl Kəlbəcər və Laçının xüsusi əməliyyatla azad edilməsini xatırladaraq şəhidlərin xatirəsini ehtiramla yad edib:
“Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimiz tez sağalsın. Onlara borcluyuq. Nə yaxşı ki, Kəlbəcərdə toqquşma, qarşıdurma olmadı — çünki burada müharibə aparmaq çox çətindir. Olsaydı, itkilərimiz çox olardı.”
Xalq artisti Kəlbəcərin gələcək turizm və mədəniyyət potensialı haqqında da danışıb:
“Sizi ürəkdən təbrik edirəm. İstərdim ki, Kəlbəcərdə həmişə belə bayramlar olsun. Burada mütləq musiqi festivalları təşkil edilməlidir — təkcə aşıq və muğam yox, böyük kollektivlər gəlməlidir. İspaniyadan, İtaliyadan turistlər gəlməlidir. Yerli sakinlər buradan qazanc əldə etməlidirlər. Eko-turizm çox vacib sahədir. Mən inanıram ki, Kəlbəcər gündən-günə daha gözəl olacaq”.

