
Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə Ölkə Ofisi,
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Tibbi Ərazi
Bölmələrini İdarəetmə Birliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi ilə əməkdaşlıq çərçivəsində və ATscale – Qlobal Köməkçi
Texnologiyalar üzrə Tərəfdaşlığın dəstəyi ilə Şamaxı və Bərdədə
köməkçi məhsullar üzrə təlimlər silsiləsinə start verib.
Bu barədə Trend-ə
ÜST-ün Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, təlimlər ÜST-nin Learning on TAP platformasında
Köməkçi Texnologiyala kursundan istifadə etməklə həyata keçirilir.
Bu rəqəmsal öyrənmə platforması nəzəri bilikləri praktik
tapşırıqlarla birləşdirir və Azərbaycan dilində də mövcuddur. Bu
platformanın məqsədi ilkin səhiyyə xidməti göstərən mütəxəssislərin
köməkçi məhsullar üzrə bilik və bacarıqlarını artırmaqla köməkçi
texnologiyalar (KT) sahəsində kadr potensialını gücləndirmək, eləcə
də köməkçi məhsullara ehtiyacın qiymətləndirilməsi və müvafiq
yönləndirmə bacarıqlarını inkişaf etdirməkdir.
Əhalinin yaşlanması, qeyri-infeksion xəstəliklərin (QİX) artması
və əlilliklə yaşayan insanların sayının artması ilə əlaqədar olaraq
eynəklər, eşitmə cihazları və hərəkətə yardım vasitələri kimi
köməkçi məhsullara olan tələbat həm qlobal səviyyədə, həm də
Azərbaycanda getdikcə artır. İlkin səhiyyə səviyyəsində bilik və
bacarıqların artırılması TAP Öyrənmə vasitəsilə köməkçi
texnologiyaların gündəlik səhiyyə xidmətlərinə inteqrasiyasına
töhfə verir və bu məhsullara ehtiyacı olan hər kəsin onlara
çıxışını təmin etməyə xidmət edir.
Bu təlimlər Azərbaycanda dayanıqlı və inklüziv köməkçi
texnologiya sistemlərinin qurulması istiqamətində mühüm mərhələ
təşkil edir. Tədbir səhiyyə və sosial müdafiə sahələrindəki milli
tərəfdaşları və beynəlxalq qurumları bir araya gətirərək bilik
mübadiləsi və birgə öyrənmə üçün dəyərli platforma yaradıb. Bu
təşəbbüs həmçinin ölkədə aparılan rəqəmsal səhiyyə islahatlarını və
inklüziv səhiyyə xidmətlərinin inkişafını dəstəkləyir.

