
Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev,
Texniki direktoru Rəşad Göyüşov və “ASCO Ship Management”in baş
meneceri Çingiz Səfərov Xəzərdən kənarda fəaliyyət göstərən
gəmilərə səfər edib.
Trend xəbər
verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, səfərin əsas məqsədi xarici sularda fəaliyyət
göstərən ASCO gəmilərinin texniki vəziyyətini yerində
qiymətləndirmək, təmir edilən gəmilərlə, eləcə də planlaşdırılan
təmir proqramlarının gedişi ilə tanış olmaq, beynəlxalq sularda
çalışan heyətin iş şəraiti, təhlükəsizliyi və sosial təminatı ilə
bağlı məsələləri araşdırmaqdan ibarət olub.
Nümayəndə heyəti Türkiyənin Yalova bölgəsindəki tərsanələrin
birində təmir ediləcək “Handysize” tipli “Murovdağ” gəmisinə baş
çəkərək təmirə hazırlıq işləri ilə maraqlanıb, gəminin təchizat,
təminat və ümumi vəziyyətinə baxış keçirib.
Rauf Vəliyev “Murovdağ” gəmisində çalışan azərbaycanlı heyət
üzvləri – kapitanın III köməkçisi Rəşad Əliyev və IV mexanik Rəhman
Lametor, eləcə də burada təcrübə keçən Nihad Məmmədzadə və Teymur
Əliyevlə görüşüb. Sədr onların gündəlik fəaliyyəti, iş şəraiti və
qayğıları ilə maraqlanıb, gənc dənizçilərə tövsiyələrini verib.
ASCO nümayəndələri Tuzla bölgəsində yerləşən Torlak tərsanəsində
əsaslı təmir edilən “Qafur Məmmədov” quru yük gəmisinə də baxış
keçiriblər. Burada bildirilib ki, təmir prosesi son mərhələdədir,
gəminin yaxın günlərdə istismara qaytarılması planlaşdırılır.
Rauf Vəliyev “Qafur Məmmədov” gəmisinin heyət üzvləri ilə
görüşüb, gəminin təmirdən sonra təhvil prosesinin təşkilinə dair
tapşırıqlarını verib.

