
Bakı. Trend:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
(SHXÇDX) təşkilatçılığı ilə İmişlidə tədbir keçirilib.
SHXÇDX-dən Trend-ə verilən məlumata görə, İmişli Rayon İcra
Hakimiyyətinin dəstəyi ilə “Vətənpərvər Azərbaycan gəncliyi –
Sağlam gənclik, sağlam gələcək” mövzusunda təşkil edilən görüş
Heydər Əliyev Mərkəzində baş tutub.
Bildirilib ki, görüşdə açılış nitqi ilə çıxış edən
İmişli Rayon İcra Hakimiyyəti başçısı Elçin Rzayev
belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət
təsir göstərdiyini bildirib.
Tədbirdə çıxış edən SHXÇDX-nın Çağırışaqədərki hazırlıq
idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov
müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri
olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək
səviyyədə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər
barədə danışıb, həmçinin ölkəmizdə 2025-ci ilin “Konstitusiya və
Suverenlik İli” elan edilməsi ilə əlaqədar geniş məlumat təqdim
edib.
Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq
əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə
daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib.
Həmçinin xaricdə təhsil, təhsilə görə verilən möhlət, bir sıra
xidmətlərin rəqəmsallaşması barədə də geniş məlumat çatdırıb.
Daha sonra SHXÇDX-nın İmişli rayon şöbəsinin rəisi
polkovnik Ruslan İsmayılov ilkin hərbi qeydiyyat, tibbi
şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə geniş
məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları
cavablandırıb.
Tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçıları və şəhid
ailələri də çıxış edərək öz təəssüratları ilə bölüşüblər.
Qeyd edilib ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında
təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə
tutulur.

