Braziliya Azərbaycanla rəqəmsal əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanmasını nəzərdən keçirir (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Vətəndaşların rəqəmsal ekosistemə effektiv inteqrasiyasını
təşviq edən konkret sahələr üzrə Braziliya və Azərbaycan arasında
əməkdaşlıq məqsədilə Anlaşma Memorandumunun (MoU) imzalanması
məqsədəuyğundur.

Bunu Trend
müsahibəsində Braziliya Milli Telekommunikasiya Agentliyinin
(ANATEL) İstehlakçılarla İş Bürosunun rəhbəri Kristina Kamarate
Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı
(WTDC-25) çərçivəsində deyib.

O, əvvəlcə qeyd edib ki, Braziliya WTDC-25 çərçivəsində təcrübə
mübadiləsi aparır və üzv ölkələr olaraq telekommunikasiya
əlaqələrinə qoşulmamış əhalini əlaqəyə cəlb etmək üçün potensialın
inkişafı imkanlarını nəzərdən keçirirlər:

“Son bir neçə il ərzində universal bağlantı istiqamətində fəal
şəkildə çalışmışıq və artıq müəyyən irəliləyişlərə nail olmuşuq.
Bununla yanaşı, hələ görüləsi çox iş var”.

Braziliya rəsmisi vurğulayıb ki, hazırda əsas prioritet mənalı
bağlantının təmin edilməsidir və bu məsələ Ümumdünya
Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) mərkəzi
mövzusunu təşkil edir:

“Mənalı bağlantı dedikdə rəqəmsal bacarıqların inkişafı,
uşaqların onlayn mühitdə qorunması, kibertəhlükəsizliyin
gücləndirilməsi, eləcə də yeni və yaranan texnologiyaların tələb
etdiyi rəqəmsal transformasiya proseslərinə uyğunlaşma nəzərdə
tutulur.

Bu konfrans çərçivəsində əsas çağırışlarımızdan biri WTDC-də
konsensusun əldə olunmasıdır və mən əminəm ki, bu konsensusa nail
olacağıq. Azərbaycanı simvolizə edən külək və od, eləcə də bu
kollektiv iddialı məqsədə çatmaq yolunda bizə yol göstərəcək”.




Kristina Kamarate Braziliya və Azərbaycan arasında
telekommunikasiya əlaqələrinin inkişafı üzrə perspektivlərdən də
bəhs edib:

“Braziliya ilə Azərbaycan arasında çox yaxın münasibətlər
mövcuddur və biz spektrin idarə edilməsi, eləcə də əhalinin
rəqəmsal bacarıqlarının artırılması sahəsində geniş təcrübə
mübadiləsi apara bilərik. Son illərdə ölkələrimiz arasında
formalaşmış bu sıx əməkdaşlıq münasibətləri gələcəkdə də daha da
möhkəmlənəcək və inkişaf edəcək.

Hətta düşünürəm ki, vətəndaşlarımızın daha effektiv şəkildə
rəqəmsal ekosistemə tam və effektiv inteqrasiya olunmasına kömək
edəcək konkret məsələlər üzrə əməkdaşlıq üçün Anlaşma
Memorandumunun (MoU) imzalanması da mümkün və məqsədəuyğun ola
bilər”.

Kristina Kamarate Azərbaycanla bağlı təəssüratlarını da
bölüşüb:

“Bazar gününü ölkənizi yaxından tanımağa həsr etmək fürsətimiz
oldu. Yanardağa, Atəşgaha və İçərişəhərə baş çəkdim və şəhərdən
həqiqətən böyük zövq aldım. Son iki həftə ərzində Bakı mənim üçün
ikinci evə çevrilib və burada özümü doğma mühitdə hiss edirəm.

Azərbaycan xalqına səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm.
Bu möhtəşəm və cazibədar şəhərdə belə bir konfransa ev sahibliyi
etdiyiniz üçün minnətdaram. Yeməkləriniz çox ləzzətlidir, insanlar
isə son dərəcə nəzakətli və qonaqpərvərdir. Burada keçirdiyim
vaxtdan həqiqətən böyük məmnuniyyət duyuram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir