SOCAR səmt neft-qazının rutin yandırılmasından tam imtina etməyi planlaşdırır

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2030-cu ilə qədər səmt
neft-qazının rutin yandırılmasından tamamilə imtina etməyi
planlaşdırır.

Trend xəbər verir
ki, bunu SOCAR-ın Ətraf mühitin analitikası, enerji keçidi, ətraf
mühit və dekarbonizasiya departamentinin rəhbəri Samir Qurbanov
Bakıda keçirilən SPE Xəzər Texniki Konfransında deyib.

Onun sözlərinə görə, SOCAR tarixən kəşfiyyat, hasilat, emal və
qlobal tərəfdaşlıq üzərində qurulub və bu amillər şirkətin irsinin
əsasını təşkil edir.

“Şirkətin məqsədi 2035-ci ilə qədər aparıcı milli enerji
şirkətləri sırasına daxil olmaq, qlobal oyunçuya çevrilmək və iqlim
dayanıqlığını artırmaqdır. 2050-ci ilə qədər isə SOCAR qarşısına
sıfır emissiyaya nail olmaq hədəfi qoyub”,- deyə o əlavə edib.

S. Qurbanov bildirib ki, bu, olduqca iddialı plandır, SOCAR-ı
dünyanın aparıcı enerji şirkətləri sırasında möhkəmləndirir.

Məqsədlərə nail olmaq üçün görülən işlərdən danışan Samir
Qurbanov vurğulayıb ki, 2030-cu ilə qədər şirkət səmt qazının rutin
yandırılmasından tam imtina etməyi, həmçinin “upstream” seqmentində
emissiya intensivliyini 30 faiz azaltmağı planlaşdırır.




“2035-ci ilə qədər SOCAR karbon intensivliyinin yenidən 30 faiz
azalacağını və ümumi emissiyaların 20 faiz azalacağını nəzərdə
tutur”, – şirkət nümayəndəsi əlavə edib.

Onun sözlərinə görə, qarşıya qoyulan hədəflərin icrası üçün
SOCAR üç əsas strategiya hazırlayıb:

  • şirkətin bütün əməliyyatlarını əhatə edən dekarbonizasiya üzrə
    yol xəritəsi hazırlanıb;
  • struktur transformasiya aparılıb və enerji keçidi, ekoloji
    fəaliyyət və dekarbonizasiya üzrə xüsusi seqment yaradılıb;
  • beynəlxalq əməkdaşlıq genişləndirilib, o cümlədən qlobal
    təşəbbüslərdə iştirak və metan və karbon emissiyalarının sistemli
    ölçülməsi həyata keçirilir.

S. Qurbanov vurğulayıb ki, SOCAR-ın strategiyası deklarativ
məqsədlərə deyil, dəqiq ölçülə bilən göstəricilərə əsaslanır.

O bildirib ki, transformasiya çərçivəsində şirkət genişmiqyaslı
dekarbonizasiya proqramına, təşkilati dəyişikliklərə və aşağı
karbonlu biznesin inkişafına start verib.

“Dayanıqlı energetika sahəsində layihələrin irəlilədilməsi üçün
ixtisaslaşmış struktur – “SOCAR Green” yaradılıb. Bu qurum günəş və
külək energetikası, geotermal həllər, “yaşıl hidrogen” və digər
dayanıqlı texnologiyalar da daxil olmaqla, bərpa olunan enerji
sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq edir”, – o
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir