
Bakı.Trend:
bp yenilənmiş emal üsulları və daha səmərəli məlumat toplama
sxemləri sayəsində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 4D seysmik
məlumatların dəqiqliyini artırmağı planlaşdırır.
Trend xəbər verir
ki, bunu bp-nin baş geofiziki Teymur İbrahimzadə Bakıda keçirilən
SPE 2025 Xəzər Texniki Konfransında bildirib.
Onun sözlərinə görə, AÇG-də hər il 10-dan çox quyunun qazılması
böyük həcmdə dinamik informasiya yaradır və yeraltı dəyişikliklərin
daha dəqiq monitorinqinə olan tələbatı artırır.
bp-nin baş geofiziki qeyd edib ki, monitorinq çəkilişləri
arasında birillik interval belə, layın doyma dərəcəsi və təzyiqi
ilə bağlı dəyişiklikləri, habelə risklərin idarə olunması üçün
mühüm amilləri aşkar etməyə imkan verir.
Teymur İbrahimzadə əlavə edib ki, bp həm məlumatların toplanması
proseslərini, həm də onların emalını təkmilləşdirməyə davam edir.
Buna optimal miqrasiya alqoritmlərinin seçilməsi və mənbələrin
konfiqurasiyasının dəyişdirilməsi də daxildir.
“Monitorinqlər arasında cəmi bir illik fərq belə, doyma və ya
təzyiq dəyişikliklərini qeydə almağa imkan verir və yeni emal
metodları bizə rezervuardakı prosesləri daha dəqiq görməyə kömək
edəcək”, – deyə o bildirib.
Qeyd edək ki, layihənin operatoru AÇG üzrə Məhsulun Pay Bölgüsü
Sazişinin (PSA) iştirakçıları adından “BP Exploration (Caspian Sea)
Limited” şirkətidir.
AÇG-də iştirak paylarının bölgüsü aşağıdakı kimidir: bp
(30,37%), SOCAR (31,65%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil
(6,79%), TPAO (5,73%), ITOCHU (3,65%) və ONGC Videsh (2,92%).

