Universitetlərdə inklüziv təhsillə bağlı vəziyyət necədir?

Baş səhifə

Bakı. Trend:

Müasir dövrdə cəmiyyətin inkişaf səviyyəsi, təhsilin əlçatanlığı
və bərabərliyi ilə birbaşa bağlıdır. Bu baxımdan inklüziv təhsil
anlayışı ali təhsil sistemində də getdikcə daha aktual və zəruri
hal alır.

Universitetlərdə inklüziv təhsil üçün şəraitin yaradılması,
müxtəlif bacarıq və imkanlara malik gənclərin təhsilə bərabər
çıxışını və tamhüquqlu iştirakını təmin etmək məqsədi daşıyır. Bu,
təkcə fiziki məhdudiyyətli tələbələrin deyil, eyni zamanda sosial,
iqtisadi, psixoloji və mədəni baryerlərlə üzləşən fərdlərin də
nəzərə alınması deməkdir.

Azərbaycanda universitet mühitində inklüziv təhsilin mövcud
vəziyyəti necədir? Həssas qrupa daxil olan, sağlamlıq imkanları
məhdud tələbələr üçün universitetlərdə hansı şərait və güzəştlər
təmin edilir?

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyindən Trend-ə verilən
açıqlamada bildirilib ki, orqanizmin funksiyalarının 61-100 faiz
pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş
Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat
və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura)
təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının
magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan şəxslər
üçün təhsil haqqı ödənişində güzəştlər edilir:

“Mövcud qanunvericiliyə əsasən, ali təhsil müəssisələrində
ödənişli əsaslarla təhsil alan və bu kateqoriyaya aid olan
tələbələr təsdiqedici sənədləri təqdim etməklə, təhsil haqqını
ödəməkdən azad olunurlar”.

Qeyd edilib ki, digər güzəştlər universitetlərin daxili qərar və
qaydalarına əsasən dəyişir.

Bəs ayrı-ayrı universitetlərdə vəziyyət necədir?

UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova
açıqlamasında qeyd edib ki, bu il UNEC-də inklüziv təhsilə cəlb
olunan tələbələrin sayı bir qədər azalıb:

“Bu il bütün kurslar üzrə həm əyani, həm qiyabi təhsil alan 74
tələbəmiz var. Həssas kateqoriyadan olan tələbələr üçün
universitetimizdə müxtəlif xidmətlər göstərilir. İnklüziv Təhsil
Mərkəzi bütün fakültələr və ixtisaslar üzrə təhsil alan tələbələrin
təhsil prosesini koordinasiya edir. Monitorinqlər aparılır, lazımi
xidmətlər göstərilir. İlk növbədə, universitetdə ehtiyacı olan
tələbələrə psixoloji xidmət və sosial iş xidməti göstərilir. Tədris
materiallarının təminatında da kömək edirik. Görmə məhdudiyyətli
tələbələr üçün bəzi mühazirələr və dərs materialları onlayn
formatda elektron kitabxanadan təmin olunur. Yeni layihəmiz
əsasında universitetdə bütün müəllimlər mühazirələrini auido
formatda qeyd edib təqdim edirlər və bu mühazirələri kitabxanalara
verilir”.




Sevinc Məhsimova qeyd edib ki, həssas kateqoriyadan olan
tələbələr universitetdə digər tələbələrə təqdim olunan bütün
imkanlardan istifadə edə bilirlər:

“Tələbə təşkilatlarında iştirak edirlər, müxtəlif seminar,
konfrans, vebinar və müxtəlif layihələrdə aktiv iştirak edə
bilirlər. Hətta şahmat turnirlərində də iştirak edən, təlimlər
aparan həssas qrupdan olan tələbələrimiz də var. Həssas qrupdan
olan tələbələr arasında xüsusi istedadlı şəxslərin istedadlarını
üzə çıxarmaq üçün də onlara dəstək veririk. Məsələn, şeir və
detektiv roman yazan tələbələrimiz var. Biz onların əsərlərinin
nəşrinə, sərgilər keçirilməsinə dəstək veririk. Qeyd edim ki,
təşkil etdiyimiz sərgilərdə həm bizim tələbələrin, həm də tələbəmiz
olmayan əlil şəxslərin iştirakına da şərait yaradılır. UNEC-də il
ərzində 4-5 dəfə bu cür sərgilər təşkil edilir.

UNEC İnkluziv Təhsil Mərkəzi ölkə üzrə bir çox QHT və
təşkilatlar, dövlət qurumları ilə əməkdaşlıq edir. Eyni zamanda,
digər universitetlərdə maarifləndirmə kampaniyaları keçirilir. Ötən
həftə inklüziv təhsillə əlaqədar bir neçə rayonda olmuşuq. Eyni
zamanda, tələbələrin Erasmus plus proqramlarına qatılmağına da
dəstək verilir. Bəzi tələbələr bu kimi proqramlarla xaricdə bir
semestr ərzində təhsil alıb qayıdırlar. Bu da onlar üçün müsbət bir
təcrübədir. UNEC Təcrübənin Təşkili Mərkəzi ilə əməkdaşlıq
sayəsində həssas qrupa daxil olan tələbələri onlara uyğun yerlərə
təcrübələrə göndərə bilirik. Digər universitetlərdən tələbələr də
bizim mərkəzdə təcrübə keçmək imkanı qazanır.

DOST Mərkəzi, Sosial Xidmətlər Agentliyi, Dost İnklüziv İnkişaf
Mərkəzi kimi qurumlarla da əməkdaşlıq edirik. Əlilliyi olan
tələbələrin və məzunların işlə təmin edilməsi sahəsində də dəstək
olmağa çalışırıq. Fikrimcə, işimizdə “ən zəif bənd” məhz bu
qismdir. Ölkədəki ümumi vəziyyəti nəzərə alsaq, həssas qrupdan olan
məzunların işlə təmin edilməsi ən çətin işdir. Ona görə də, biz
daha çox bu istiqamətə yönəlməyə başladıq.

Universitetin ara imtahanları və əsas imtahanları keçirmə
qaydalarında da dəyişiklik etmişik: Ehtiyac olduğu zaman, xüsusilə,
görmə məhdudiyyətli tələbələr üçün yazılı imtahanları və test
imtahanlarını şifahi formada təşkil edirik. Yaxud, yazılı imtahanı
testə çeviririk, və ya test imtahanı şifahi formada verilir. Həssas
qrupdan olan tələbələr üçün belə çevik bir sistem yaratmışıq.
Əslində, universitetin bütün strukturları birgə işləyir, artıq
oturuşmuş bir sistem var. Maarifləndirmə və xüsusi hazırlıq
təlimlərinin keçirilməsinə də xüsusi yer ayrılıb. İnküziv Ali
Təhsil kitabı da hazırlanıb. Bu kitabda universitet müəllimləri
üçün əlilliyi olan tələbələrlə işləmək üçün köməkçi vasitədir”.

Bakı Dövlət Universitetindən isə bildirilib ki, hazırda BDU-da
sağlamlıq imkanları məhdud 46 tələbə təhsil alır:

“Universitetdə təhsil alan sağlamlıq imkanları məhdud tələbələr
üçün bütün şərait yaradılıb və bu tələbələrə qanunvericiliklə
müəyyən olunmuş bütün güzəştlər tətbiq olunur”.

Azərbaycan Tibb Universitetindən isə bildirilib ki,
universitetdə təhsil prinsiplərini nəzərə alaraq hazırda
universitetə qəbulda sağlamlıq imkanları məhdud şəxslər iştirak
etmir.

Azərbaycan Dillər Universitetindən də bildirilib ki, ADU-da bu
günə qədər sağlamlıq imkanları məhdud 10 tələbə təhsil alıb.
Hazırda universitetdə həssas qrupa daxil olan 3 tələbə təhsil
alır:

‎”ADU-nun Rektoru, akademik Kamal Abdullayevin 30 iyun 2021-ci il
tarixli 46 nömrəli əmri ilə universitetdə “İnklüziv Təhsil Mərkəzi”
yaradılmışdır. Mərkəz sağlamlıq imkanları məhdud tələbələrin ali
təhsilə cəlb olunması, onların təhsil prosesində bərabər imkanlarla
təmin olunması istiqamətində fəaliyyət göstərir.

‎Mərkəzin fəaliyyəti çərçivəsində ‎“Könüllü Proqramı” həyata
keçirilir, ‎inklüzivlik sahəsində gənc mütəxəssislərə zəruri nəzəri
biliklərin verilməsi, praktik bacarıqların formalaşdırılması və
təcrübə proqramlarının təşkili təmin olunur və ‎müxtəlif təlimlər,
layihələr və inklüziv fəaliyyətlər mütəmadi olaraq təşkil
edilir”.

‎Qeyd edilib ki, sözügedən tələbələr üçün universitetdə portativ
kompüterli lövhələr, səsə həssas klaviatura və siçan, ekran oxuyucu “Reader HD” proqramı, eşitmə qüsurlu tələbələr üçün eşitmə
cihazları və xüsusi eşitmə dəstəkləyici avadanlıqlar, işıq sensorlu
ekranlar, ‎notbuklar, məsafədən səs-köməkçi qurğular, görmə
məhdudiyyəti olan tələbələr üçün xüsusi proqram təminatı, sınanmış
kompüter-rabitə proqramları, böyüdücü portativ kameralar (Portable
Reading Camera) kimi imkanlar yaradılıb:

“‎Belə kateqoriyaya aid olan tələbələr üçün universitet tərəfindən
xüsusi güzəştlər və dəstək tədbirləri mövcuddur. Sağlamlıq
imkanları məhdud tələbələr təhsil haqqından azad olunurlar və
universitet rəhbərliyi, həmçinin İnklüziv Təhsil Mərkəzi tərəfindən
onların vəziyyəti ilə mütəmadi şəkildə maraqlanılır, təhsil
prosesində iştiraklarının təmin olunmasına xüsusi diqqət
yetirilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir