
Bakı. Trend:
Azərbaycan 2026-cı ilə qədər Horadiz-Ağbənd dəmir yolu xəttini
Ermənistan sərhədinə qədər çatdırmağı planlaşdırır.
Trend xəbər verir
ki, bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad
Nəbiyev MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda
keçirilən 83-cü iclasının gedişində bildirib.
Onun sözlərinə görə, Şərq-Qərb istiqamətində, o cümlədən
Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində mühüm
irəliləyiş əldə olunub. Nazir vurğulayıb ki, bu marşrut yalnız
şimal-qərb vektorunun yox, həm də Şimal-Cənub dəhlizinin vacib
elementi hesab olunur.
“Hazırda illik 15 milyon tona qədər buraxıcılıq qabiliyyəti olan
Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi fəal şəkildə davam
edir. Bu xətti artıq 2026-cı ildə Ermənistan sərhədinə çatdırmağı
planlaşdırırıq”, – deyə o bildirib.
R.Nəbiyev qeyd edib ki, paralel olaraq Azərbaycan Naxçıvan
ərazisindən keçən 188 kilometrlik dəmir yolu seqmentinin bərpası
üzərində iş aparır.
“Bu magistralın layihələndirmə mərhələsini başa çatdırmaq
üzrəyik və yaxın zamanda tikinti işlərinə başlayacağıq”, – deyə
nazir əlavə edib.

