
Bakı. Trend:
Digər sahələrlə müqayisədə neft-qaz sektoru süni intellektin
tətbiqinə mühafizəkarcasına yanaşır.
Trend xəbər verir
ki, bunu SOCAR-ın direktor müavini Ülvi Zamanbəyov Bakıda keçirilən
SPE 2025 Xəzər Texniki Konfransında bildirib.
“Buna səbəblər – risklərə ehtiyatlı yanaşma və tədqiqatların
yüksək dəyərli olmasıdır”, – deyə o bildirib.
Ülvi Zamanbəyov vurğulayıb ki, şirkət mühəndislər və hasilat
üzrə mütəxəssislərdən ibarət komandalar yaradır, müxtəlif təcrübəyə
malik qruplar formalaşdırır.
“Bundan əlavə, məlumat sahəsi və kompüter elmləri ilə biznes
arasında körpü rolunu oynayan komandalar fəaliyyət göstərir.
İstifadəçilərin məhsullarla işləməsini asanlaşdırmaq üçün xüsusi
interfeyslər və alətlər hazırlanır ki, biznes bölmələri özlərini
məlumat üzrə mütəxəssis kimi hiss etsinlər”, – deyə o əlavə
edib.
SOCAR nümayəndəsi qeyd edib ki, innovasiyalar da prioritetdir.
Neft-qaz sektoru çoxsaylı təcrübələr, eləcə də “sınaq və səhv”
yanaşmasını tələb edir.
“Bunun üçün avtomatlaşdırılmış infrastruktur yaradılır, açıq
mənbəli alətlərdən istifadə olunur ki, təcrübələrin sürətli
keçirilməsi təmin edilsin”, – deyə o bildirib.
Ülvi Zamanbəyov, həmçinin məlumatların idarə edilməsinin
vacibliyini vurğulayıb və bildirib ki, məlumat elmi uğurun
açarıdır:
“Əgər məlumatlar aşağı keyfiyyətdədirsə, model nə qədər yaxşı
olsa da, nəticə pis olacaq. Bu səbəbdən SOCAR, məlumatların
dəyərini sürətlə qiymətləndirməyə imkan verən platformalar və
əks-layihələndirmə metodlarından istifadə edir”.

