
Bakı. Trend:
“China Railway Container Transport” (CRCT) şirkətinin “Middle
Corridor Multimodal Ltd” şirkətinə qoşulmasından sonra Orta Dəhliz
üzrə konteyner daşımalarının iki dəfə artacağı gözlənilir.
Trend xəbər verir
ki, bunu “Qazaxıstan Dəmir Yolları” şirkətinin İdarə heyətinin
sədri Talqat Aldırberqenov Bakıda keçirilən MDB Dəmir Yolu
Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində jurnalistlərə
verdiyi açıqlamada deyib.
“İki həftə əvvəl Çin Dəmir Yolları “CRCT” şirkəti vasitəsilə
Orta Dəhlizə qoşuldu. Biz bu marşruta böyük ümidlər bəsləyirik”, –
deyə o bildirib.
Aldıberqenov qeyd edib ki, bu gün Qazaxıstan və Azərbaycan
arasında yükdaşımaların həcmində qəti artım müşahidə olunur.
“Son dörd ildə onlar (yükdaşımaları-red) yeddi dəfə artıb.
2025-ci ilin on ayında daşımaların həcmi 4,1 milyon tona çatıb ki,
bu da yüksək dinamikanı göstərir. Eyni zamanda xüsusi vurğulamaq
istərdim ki, taxıl daşımaları 25 dəfə artaraq təxminən 600 min tona
çatıb”, – deyə o əlavə edib.
Xatırladaq ki, bu yaxınlarda Sian şəhərində keçirilən “Çin –
Avropa” dəmir yolu marşrutu üzrə ikinci beynəlxalq əməkdaşlıq
forumu çərçivəsində Çin Dəmir Yollarının “CRCT” şirkəti vasitəsilə
Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yollarının birgə
müəssisəsi “Middle Corridor Multimodal Ltd”yə qoşulması barədə
razılaşma imzalanıb.

