Bakı ilə Kaliforniya arasında süni intellekt sahəsində körpünün yaradılması BCG-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərindəndir

Baş səhifə

Bakı. Trend:

“Bostоn Consulting Group” (BCG) ilə Azərbaycan arasında gələcək
əməkdaşlığın əsas istiqamətlərindən biri süni intellekt sahəsində
Bakı ilə Kaliforniya arasında “körpünün” yaradılmasıdır.

Bunu BCG-nin idarəedici direktoru və tərəfdaşı Anton Aristov
Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransı çərçivəsində
Trend-ə açıqlamasında
bildirib.

“BCG-nin Azərbaycan şirkətləri, xüsusilə də neft-qaz sektoru
ilə, həmçinin digər sahələrlə uzunmüddətli və möhkəm tərəfdaşlıq
münasibətləri mövcuddur. Hesab edirik ki, əməkdaşlığımızın növbəti
mərhələsi məhz süni intellekt sahəsi olacaq. Hazırda bizim çox
vacib təşəbbüsümüz – enerji keçidi istiqamətində “Caspian AI
Institute” layihəsi var”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu layihə Azərbaycan Dövlət Neft Şirkəti
ilə birlikdə həyata keçirilir.

“Əminik ki, bu institut neft-qaz sənayesi ilə süni intellektin
qovşağında kəsişən səriştələrə malik kadrların hazırlanmasında yeni
bir səhifə açacaq”, – şirkət nümayəndəsi deyib.




O qeyd edib ki, bu yanaşma mütəxəssislərə biliklərinin
sinerjisini və həm də peşəkar potensiallarını Silikon vadisi kimi
qlobal süni intellekt mərkəzlərində nümayiş etdirməyə imkan
verəcək.

“Məhz bu bizə ilham verir və əməkdaşlığımızı maksimum dərəcədə
inkişaf etdirməyə çalışdığımız istiqaməti müəyyən edir. Əsas
məqsədimiz odur ki, ölkə süni intellekt sahəsində həllər təqdim
edən aparıcı qlobal şirkətlərlə, xüsusilə “Silikon vadisi”ndə
fəaliyyət göstərən təşkilatlarla eyni səviyyədə olsun”, – deyə A.
Aristov vurğulayıb.

Onun sözlərinə görə, bu təşəbbüs çərçivəsində Azərbaycan
mütəxəssisləri öz ideyalarını təqdim edə, vençur maliyyələşməsi
cəlb edə, həmçinin ölkəyə beynəlxalq əlaqələr və qabaqcıl
texnologiyalar üzrə biliklər gətirə biləcəklər.

“Bu kontekstdə Bakı ilə Kaliforniya arasında bir “körpünün”
yaradılması bizim üçün xüsusi bir ilham mənbəyidir və gələcək
əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirilir”, –
deyə A. Aristov yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir