Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə ittiham elan olunub. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət Məcəlləsinin sözügedən maddəsi Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri nəzərdə tutur. Maddə sübuta yetirilərsə, ittiham olunan şəxsi on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, Əli Kərimli və müavini Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər. Evində axtarış aparıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıblar. İş çərçivəsində Milli Şuranın sədri Cəmil Həsənli də dindirilib, Gültəkin Hacıbəyli isə Türkiyədən Azərbaycana gətirilib.
Hadisələr Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.
Modern.az son baş verənlərə partiya liderlərinin fikirlərini öyrənib.

Saytımıza açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev bildirib ki, uzun illərin təcrübəsi AXCP-nin hakimiyyətə gəlmək, istəklərinə nail olmaq üçün istənilən qüvvə ilə əməkdaşlıq etməyə hazır olduğunu göstərib:
“Ramiz Mehdiyev işinə görə, Əli Kərimli istintaqa cəlb olunub, eyni zamanda Cəmil Həsənli dindirilib, Gültəkin Hacıbəylinin də Türkiyədən Azərbaycana deportu gözlənilir. Dəqiq məlumat istintaqın gedişində məlum olacaq. Azərbaycan hüquqi dövlət olduğu üçün istintaqın nəticələrini gözləmək məcburiyyətindəyik. Lakin bu çox ciddi məsələdir. Belə baxanda Əli Kərimli və onu partiyası hakimiyyət üçün təhlükə törətmirdi. Heç buna gücü və potensialı yox idi. Hakimiyyət üçün elə bir ciddi təhlükə törətməyən bir siyasi partiya rəhbərinin ortada fakt, ciddi əməllər olmadığı təqdirdə, istintaqa cəlb olunması hakimiyyətin nəyinə lazımıydı? Ramiz Mehdiyev bəllidir ki, Rusiyanın adamıydı. AXCP isə uzun illərin təcrübəsi göstərir ki, hakimiyyətə gəlmək və ya istəklərinə nail olmaq üçün istənilən qüvvə ilə əməkdaşlıq etməyə hazırdır. Biz uzun illər bunu görmüşük. 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə də Azərbaycana qarşı düşmən dövlətlərin tədbirlərində Əli Kərimli və onun tərəfdarları çox açıq şəkildə iştirak ediblər. Uzun müddət bunlar tərəfindən Rusiya və İran haqda mənfi fikirlər səsləndirilməyib. Əli Kərimli və onun tərəfdarları İranın buradakı agentura şəbəkəsinə, onların ayrı-ayrı üzvlərinə həbs olunanda dəstək verdilər. İstintaqın gedişini, nəticələrini gözləməliyik”.
E.Musayev düşünür ki, od olmayan yerdən tüstü çıxmaz: “Amma bütün hallarda bu baş verənlər öz təsdiqini tapdığı halda Azərbaycan siyasəti üçün də çox mənfi hal kimi qiymətləndiriləcək. Ətrafımızda müəyyən ölkələr var ki, Azərbaycanda qarışıqlıq yaratmaq belə adamları hakimiyyətə gətirmək üçün çox ciddi sürətdə cəhd göstərib, agentura şəbəkəsi yaradıb, özlərinə lazım olan adamları ələ keçirirlər. Belə olan halda siyasi partiyalar, onların rəhbərləri diqqətli olmalıdırlar. Bundan əvvəlki dövrdə də Əli Kərimlinin müavini, Gədəbəyin keçmiş icra başçısı tutulmuşdu. O ifadəsində Rusiyadan bunlara pul göndərildiyini açıq-açığına bildirirdi. Elə hesab edirəm ki, od olmayan yerdən tüstü çıxmaz. Nəyə görə, başqalarını yox, Əli Kərimli və onun rəhbərliyi etdiyi partiyanın, yaxud Milli Şuranın rəhbərliyi bu prosesə cəlb olunub. Bütün hallarda bu çox pis haldır. Sonda bir daha qeyd etmək istərdim ki, istintaqın gedişatı və nəticələri hər şeyi ortaya qoyacaq”.

Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin komitə sədri Fazil Mustafa qeyd edib ki, məsələlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması, konkret addımların atılması istintaq zamanı ciddi məlumatların əldə olunduğunu göstərir:
“Məhz bu səbəbdən, belə açıq prosesdə müəyyən siyasət sahəsində olan şəxslərin də dindirilməsi vacib sayılıb. Ona görə biz istintaqın nəticələrini gözləməliyik. Hər halda biz siyasi mühitin həmişə şəffaflığının tərəfdarı olub, radikalizmə qarşı çıxış etmişik. Çünki radikalizm gec-tez başqa ölkələrin maraqlarına uyğun siyasət izləməyə gətirib-çıxarır. Daxili resurslarla bir şeylər etməyə gücü çatmayanda, ancaq xarici resursların dəstəyi ilə müəyyən addımların atılmasına çalışırlar”.
F.Mustafa vurğulayıb ki, hər halda məsələ üzərində ciddi düşünülməlidir:
“Çünki çox mürəkkəb situasiyadan söhbət gedir. Ölkənin təhlükəsizliyi ilə bağlı vaxtilə administrasiyanın rəhbəri olmuş şəxsin məsuliyyətə cəlb olunması kifayət qədər ciddi hadisədir və indi də onun əlaqələrinin aradırılması istintaqın borcudur. Bu istiqamətdə materiallar, informasiyalar əldə olunub ki, belə addımlar atılıb”.

Azad Vətən Partiyasnın sədri Akif Nağı deyib ki, prosesin içərisində kimlərsə iştirak ediblərsə, onlar hökmən öz cəzalarını almalıdırlar:
“Bu məsələyə heç kəsin konyektur mövqedən, qrup marağından yanaşmamasını istərdim. Bir qrup insan var ki, ağına-bozuna baxmadan Əli Kərimli və onun ətrafında olanları müdafiə etməyə çalışır. Bu insanlar başa düşməlidir ki, Əli Kərimlinin təqsiri sübuta yetirilərsə, o cəzalandırılacaq, əksi olduqda isə sərbəst qalacaq.Əli Kərimli nə fiqurdur, hakimiyyət üçün nə təhlükə yaradır? Əli Kərimli Ramiz Mehdiyev deyil ki… Şərti olaraq hakimiyyətə gəlsə nə edə bilərdi? Yaxud hakimiyyətə nə mane yarada bilərdi. Neçə illərdir, Əli Kərimli müəyyən çıxışlar etməkdən o yana gedə bilmir, onun ciddi sosial bazası da yoxdur. Ona görə də kiminsə ona qərəzi yoxdur ki, onu cəzalandırsın. Deməli, ortada faktlar var”.
A.Nağının sözlərinə görə, Ramiz Mehdiyev vaxtilə həm hakimiyyətin daxilində, eyni zamanda müəyyən partiyalar və QHT-lər içərisində özünə şəbəkə yaradıb:
” Ramiz Mehdiyev onları himayə edir və onların xidmətlərindən istifadə edirdi. Bu faktın ətrafında Əli Kərimli, yaxud ətrafında olanlar bu prosesdə iştirak edibsə, məsuliyyətə cəlb olunmalıdırlar. Ən azından şahid kimi cəlb olunurlar. Təqsirləri sübut olunarsa, cəzalarını da almalıdırlar. Hesab edirəm ki, başqa bir yanaşma olmamalıdır. Mən bu prosesə həm hakimiyyətin daxilində təmizləmə işləri, həm də cəmiyyətdə siyasi-ictimai hərəkatların, partiyaların içərisində təmizlik işlərinin qolu kimi baxıram. Hökmən hər kəs öz cəzasını alacaq. Beləliklə də, xarici dövlətlərin uzantıları, bağlantısı kəsilməlidir”.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli də düşünür ki, Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəyli barədə ittihamların ciddi əsası olmasa, bu addım atılmazdı:
“Siyasi partiyalara münasibət həm cəmiyyətin, həm də beynəlxalq ictimaiyyətin həssas mövqeyi ilə qarşılaşır. Cəmil Həsənli, Gültəkin Hacıbəyli və AXCP sədri Əli Kərimli ölkəmizdə və onun sərhədlərindən kənarda tanınan simalardır. Yəqin ki, onlara qarşı ittihamların ciddi əsası olmasaydı, belə bir addım atılmazdı. Dünən Cəmil Həsənlinin DTX-də dindirilməsi ilə bağlı yayılan informasiyalar da göstərdi ki, istintaq orqanları müəyyən şübhə və ehtimalların araşdırılması ilə məşğuldurlar. Bu prosesdə hər hansı qeyri-səmimi və qeyri-qanuni hallara yol verilməyib. Çox güman ki, Əli Kərimli və Gültəkin Hacıbəyliyə münasibət də belə olacaq. Ortada çox ciddi ittihamlar var. Bütün bunların araşdırması tələb olunur. Ona görə də istintaq orqanlarının fəaliyyətinin nəticələrini səbrlə gözləməliyik”.
M.Rəhimlinin fikrincə, bəri başdan hüquqi prosedurlara siyasi don geyindirmək də doğru deyil:
“Bu məsələlər ictimaiyyətin diqqət mərkəzindədir və prosesin obyektiv aparılacağına şübhə etmək olmaz”.

AMİP-in sədri, deputat Arzuxan Əlizadə Ramiz Mehdiyevləbağlı cinayət işində növbəti mərhələnin başladığını qeyd edib:
“Əslində AXCP sədrinin, eləcə də Milli Şurada təmsil olunan digər rəhbər şəxslərin adlarının bu prosesdə keçməsi siyasi partiya adına çox böyük utancdır. Azərbaycan dövlətçiliyi hər şeydən üstün olmalıdır. Zamanında ayrı-ayrı siyasilərin Ramiz Mehdiyevlə yaxın əlaqədə olması, pərdəaraxasında danışıqlar etməsi məlum idi. Lakin indi cinayət işində konkret hallara görə ittihamların irəli sürülməsi, olduqca ciddi məsələdir. Sona qədər məsələlər araşdırılmalıdır. Əminəm ki, xüsusi xidmət və hüquq-mühafizə orqanlarımızın peşəkarlığı ona imkan verir ki, proses sona qədər obyektiv aparılsın”.
Partiya sədri vurğulayıb ki, prosesdə iştirak edən kimlər varsa, zamanında hansı xidmətlərinin olmasından, siyasi qrupun tərkibində olmasından asılı olmayaraq, ən ağır şəkildə cəzalandırılmalıdır:
“Dövlət təhlükəsizliyindən, dövlət mənefiyindən söhbət gedir. Dövlət və milli maraqlardan söhbət gedən yerdə başqa heç bir maraqlar önə çıxa bilməz. Xüsusilə də, başqa dövlətin maliyyələşdirdiyi layihələrdə iştirak etmək, başqa dövlətə xidmət etmək, bu cür zorakı, yolla hakimiyyəti ələ keçirməyə cəhd, təşkilatlanmaq ən böyük cinayətdir və kim olmasından asılı olmayaraq, ən ağır şəkildə cəzalandırılmalıdır”.

Ağ Partiya sədri Tural Abbaslı Ramiz Mehdiyev işi üzrə istintaq hərəkətlərinin digər sahələri də əhatə edəcəyinin gözlənilən olduğunu söyləyib:
“Gözlənilən idi ki, proses Mehdiyevin özü və köməkçisi ilə yekunlaşmayacaq.Ortada qanunsuz hakimiyyəti ələ keçirmə planları varsa, bunun müxtəlif sahələri əhatə edəcəyi bilinirdi. Dünən partiyanın bir çox funksioneri saxlanılıb. Evlərində axtarışlar aparılıb. Mətbuata və ictimaiyyətə hüquq-mühafizə orqanları çox az məlumat veriblər. Düşünürəm ki, bu böyüklükdə həbs, axtarışlar olubsa, ictimaiyyəti razı salacaq məlumatlar ortaya qoyacaqlar. Siyas partiya rəhbərinin həbsi istənilən ölkə üçün ciddi siaysi hadisədir. Amma onun həqiqətən, Ramiz Mehdiyevlə əlaqələrinin olub-olmadığı istintaqın araşdırması ilə üzə çıxarılmalıdır. Konkret əlaqə varıydı, yaxud onlar fərqli qütblərin adamıydı, belə bir təmas mümkün deyil deməyimiz yerinə düşməz. XXI əsrdə hər şey mümkündür. İstintaqların hərəkətini gözləyirik. Məhkəmə olacaq, bu zaman da sübutlar olmalıdır. Kimlərinsə, prosesdə iştirakı varsa, qanun qarşısında mütləq cavab verəcəklər”.

