
Bakı. Trend:
2025-ci ilin noyabr ayı sabit, mülayim hava şəraiti ilə
fərqlənib. Havanın temperaturu Bakı və Abşeron yarımadasında iqlim
norması ilə müqayisədə 28 gün normadan yuxarı (1.4-7.4 dərəcə), 2
gün isə normadan aşağı (0.2-0.9 dərəcə) olub. Noyabr ayının orta
aylıq temperaturu 15.1 dərəcə isti olub ki, bu da iqlim normasından
4.1 dərəcə yuxarıdır.
Trend xəbər
verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim
Mahmudov bildirib.
Onun sözlərinə görə, noyabr ayında havanın maksimal temperaturu
Bakıda və Abşeron yarımadasında noyabrın 1-i müsbət 22.5 dərəcəyə,
bölgələrdə isə noyabrın 24-ü müsbət 27.6 dərəcəyə qədər yüksəlib.
Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında
noyabrın 22-də 8.8 dərəcə, bölgələrdə isə noyabrın 30-da 7 dərəcə
şaxta (Sədərək) qeydə alınıb.
“Ay ərzində hava şəraiti mülayim, əsasən yağmursuz keçib, lakin
ayın 1-ci ongünlüyündə fasilələrlə yağış yağıb, şimşək çaxıb.
Ayrı-ayrı yerlərdə leysan xarakterli olub, yüksək dağlıq ərazilərə
isə qar yağıb (Kəlbəcər, Laçın, Qubadlı, Murovdağ yüksəkliyi,
Şahbuzun dağlıq əraziləri). Yağıntılar bütün ölkə ərazisində
normadan az olub. Bölgələr üzrə 11 gün yağıntılı hava şəraiti
müşahidə olunub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 17
faizi olmaqla Lənkəran-Astara zonasına (Astara 27 mm), aylıq
normanın 35 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 10.3
mm) düşüb”, qurum rəsmisi əlavə edib.

