
Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi üzrə tikinti işləri təhlükəsiz və qrafikə uyğun şəkildə irəliləyir.
Bu barədə “APA-Economics” “BP Azerbaijan” çirkətinıə isatinadən xəbər verir.
Məlumata görə, terminalın investorları BP, SOCAR, TPAO, LUKOYL, Cənub Qaz Dəhlizi, NİKO, MOL, İNPEKS, EksonMobil, İTOÇU, ONGC Videş, Eni, MVM, və TotalEnergies şirkətləridir.
2028-ci ilin sonunadək terminalın tam elektrikləşdirilməsini təmin etmək üçün indiyədək layihə üzrə üç əsas müqavilə imzalanıb.
1. Mühəndis-layihələndirmə, təchizat və tikinti (EPC) müqaviləsi
Təxminən 43 milyon ABŞ dolları dəyərində olan bu müqavilə “AzərEnerji” ASC-yə verilib. İş həcminə üç əsas fəaliyyət istiqaməti daxildir: yeni yarımstansiyanın tikintisi, yeraltı kabellərin quraşdırılması və hava elektrik ötürücü xətlərinin çəkilməsi və quraşdırılması. Bu müqavilə çərçivəsində bütün sahələr üzrə inşaat-hazırlıq işləri yekunlaşmaq üzrədir və növbəti mərhələdə avadanlıqların quraşdırılması və kabellərin çəkilməsi işlərinə başlanılması nəzərdə tutulur.
2. Tikinti və quraşdırma müqaviləsi
Dəyəri 19 milyon ABŞ dolları olan bu müqavilə “Azfen” MMC-yə verilib. Müqavilə üzrə iş həcmi transformatorların, sinxron kompensatorların, cərəyan məhdudlaşdırıcı reaktorların və yeni 110 kV-luq açıq paylayıcı qurğunun quraşdırılması da daxil olmaqla Səngəçal terminalında əsas elektrik infrastruktur işlərini əhatə edir. Müqavilə çərçivəsində terminalda tikinti işləri 2025-ci ilin avqust ayında başlanıb və əsas avadanlıqların quraşdırılması üçün bünövrə işləri daxil olmaqla bir neçə istiqamət üzrə irəliləməkdədir.
3. Mühəndis-layihələndirmə və təchizat müqaviləsi
Bundan öncə elan olunduğu kimi, 7 milyon funt sterlinq dəyərində olan bu müqavilə Səngəçal terminalında mühəndis-layihələndirmə və təchizat işlərinin icrası üçün SOCAR KBR-a verilib. Müqavilə üzrə SOCAR KBR müfəssəl layihələndirmə, avadanlıqların tədarükü və təchizat prosesinin idarə edilməsi xidmətlərini göstərəcək. İş həcminə həmçinin tikinti, istismar sınaqları və əməliyyatlara hazırlıq fəaliyyətlərinin planlaşdırılması üzrə dəstək də daxildir. Müqavilə çərçivəsində layihə fəaliyyətləri davam edir və hazırda əsas diqqət müfəssəl mühəndis-layihələndirmə və avadanlıqların tədarükünün sürətləndirilməsi işlərinə yönəlib.
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mətt Kirkham: “STEL layihəsi çərçivəsində bütün istiqamətlərdə işlərin gedişatından məmnunuq. Layihənin plana uyğun irəliləməsi komandaların yüksək nəticələr əldə etmək və layihəni təhlükəsiz və səmərəli şəkildə icra etmək əzminin göstəricisidir. Bu, çoxsaylı podratçı şirkətlər və müxtəlif komandalar arasında sıx koordinasiya və əməkdaşlıq tələb edən mürəkkəb və bir neçə illik bir layihədir və mən burada iştirak edən hər bir kəsin peşəkarlığı və əzmi ilə fəxr edirəm. Növbəti mərhələlərdə əsas diqqətimiz yenə də təhlükəsizlik, yüksək keyfiyyət və güclü icraya yönələcək ki, bu da terminalın uzunmüddətli əməliyyat mükəmməlliyini dəstəkləyən dayanıqlı enerji infrastrukturunun yaradılmasına imkan verəcək”.

