ABŞ-də çalışan azərbaycanlı alim AzMİU-da ali riyaziyyatın ən çətin sahələrinə dair seminar keçdi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Funksional
analiz və tətbiqləri elmi-tədqiqat laboratoriyası ilə Ali
riyaziyyat kafedrasının birgə təşkilatçılığı ilə Amerika Birləşmiş
Ştatları Dakota Dövlət Universitetinin professoru, görkəmli
Azərbaycan riyaziyyatçısı Azər Əhmədovun “Hölder teoreminin davamı”
mövzusunda elmi seminarı keçirilib.

Seminarda AzMİU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru
Nigar Aslanova çıxış edərək beynəlxalq elmi şəbəkəyə (IRN)
qoşulmağın Azərbaycan universitetlərinin qarşısında dayanan
prioritetlərdən biri olduğunu bildirib. O nəzərə çatdırıb ki, elmi
fəaliyyətin dəstəklənməsi üçün universitetimiz tərəfindən kompleks
addımlar atılır: “Beynəlxalq səviyyəli elmi konfransların,
seminarların keçirilməsi də bu tədbirlər planının bir hissəsidir.
Son iki ay ərzində AzMİU-da Avstriyanın Qrats Texnologiya
Universitetinin Riyaziyyat, Fizika və Geodeziya fakültəsinin
dekanı, funksional analiz sahəsində tanınmış alim professor Jussi
Behrndt, Almaniyanın Otto-von-Guericke Universitetinin (Magdeburq)
professoru Holm Altenbaxın bir həftəlik elmi seminar və dərs
keçmələri buna sübutdur. Hər iki seminarda digər universitetlərin
nümayəndələri də iştirak edib, tanınmış alimlərin təcrübələrindən
bəhrələniblər”.

Nigar Aslanova onu da deyib ki, daha çox ənənəvi mövzulara
yönələn azərbaycanlı riyaziyyatçıların daha yeni və spesifik
problemlərə nəzər salmaları vacibdir.

Seminar zamanı Azər Əhmədov ali riyaziyyatın aktual
problemlərindən olan qruplar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi,
diferensial həndəsə, cəbr və topologiya mövzularında geniş
danışıb.

Elmi seminarda iştirak edən professor-müəllim heyəti onları
maraqlandıran mövzularda fikir yürüdüb, qonaqla ətraflı müzakirə
aparıblar.




Qeyd edək ki, Azər Əhmədov 1974-cü ilin dekabrında Cəbrayıl
rayonunun Xələfli kəndində doğulub. 1991-ci ildə orta məktəbi qızıl
medalla, 1996-cı ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu
ilə bitirib. 13 yaşından aktiv riyaziyyatla məşğuldur. Orta
məktəbin son 3 ili ərzində Moskva Dövlət Universitetinin nəzdindəki
Ümumittifaq Qiyabi Riyaziyyat Məktəbini də bitirib.

SSRİ səviyyəli bir neçə riyaziyyat müsabiqəsinin qalibi olub.
1996-cı ildə İtaliyada Beynəlxalq Ali Təhqiqatlar İnstitutunun
Funksional Analiz şöbəsinə imtahan verib, qrant alıb 2 ilə yaxın
(1998-ci ilin aprelinə qədər) orda tədqiqatçı işləyib.

1998-ci ildə Amerikada Yel Universitetinin doktoranturasına
qəbul olunub və həmin universitetdə riyaziyyat doktoru dərəcəsi
alıb. Dissertasiyasında 20 il açıq qalmış problemi həll edib.

Riyaziyyatda qruplar nəzəriyyəsi, qrupların həndəsəsi, üçölçülü
topologiya, erqodik nəzəriyyənin bir çox problemləri ilə məşğul
olur, məqalələri riyaziyyat jurnallarında çap edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir