Səhiyyə Nazirliyində Türkiyənin səfiri ilə görüş keçirilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Səhiyyə Nazirliyində Türkiyənin ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüş
keçirilib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur
Musayev ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli
əlaqələrin, dostluq və qardaşlıq münasibətlərin dərin tarixi
köklərə əsaslandığını diqqətə çatdırıb:

“Azərbaycan ilə Türkiyə arasında etimada, qarşılıqlı hörmətə,
dostluq və qardaşlığa əsaslanan tərəfdaşlıq özünün ən yüksək
mərhələsindədir”.

Müasir Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən
səhiyyə qurumlarımız arasında rəsmi münasibətlərin qurulmasını qeyd
edən Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb
elmi sahəsində də qardaş ölkə ilə əməkdaşlığın nümunəvi olduğunu
diqqətə çatdırıb:

“Ankarada keçirilən XI Türk Tibb Dünyası Qurultayında
Azərbaycanın nümayəndə heyəti geniş tərkibdə iştirak edib. Belə
beynəlxalq platformalar təkcə təcrübə mübadiləsi üçün deyil, həm də
gələcəkdə ortaq prioritetlərimizi müəyyən etmək baxımından
əvəzsizdir”.

Teymur Musayev səhiyyə sisteminin rəqəmsallaşdırılmasını
Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet
məsələlərdən biri olduğunu vurğulayıb:




“Süni intellekt və rəqəmsallaşmanı mənimsəyən həkimlərin
yetişdirilməsi Səhiyyə Nazirliyinin qarşısında duran əsas
hədəflərindən biridir”.

Nazir çıxışının sonunda gələcəkdə elmi-tibbi və digər sahələrdə
əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu
deyib.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Birol Akgün
vurğulayıb ki, möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə
qardaşlıq münasibətləri bizim birlik və həmrəyliyimizin bariz
göstəricisidir.

Səfir, xalqlarımız arasında münasibətlərin inkişafında dövlət
başçılarının müstəsna rolunu diqqətə çatdırıb.

XI Türk Tibb Dünyası Qurultayının mahiyyətini qeyd edən Birol
Akgün bildirib ki, belə tədbirlərin keçirilməsi ölkələrimizin
səhiyyə sistemlərinin yaxınlaşması, eləcə də qlobal tibbin
inkişafına töhfə baxımından olduqca əhəmiyyətlidir.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyə sahəsində
əməkdaşlıq ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir