
Bakı. Trend:
Almaniyanın bir sıra şəhərlərində büdcə vəsaitlərinə qənaət üçün
qarşıdakı Milad və Yeni il bayramları ilə əlaqədar işıqlandırmadan
imtina etməyə qərar verilib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Drezden şəhər hakimiyyəti milad işıqlarından
imtina edib; Keniqştrasse küçəsi ətrafındakı barokko məhəlləsində
bayram işıqlandırılması tamamilə söndürüləcək.
Adətən bu ərazidə 80 ədəd yulğun ağacı LED girlandalarla
bəzədilir, lakin bu payız bələdiyyə büdcəsində ağacların budanması
üçün vəsait tapılmadığından, onların budaqları həddindən artıq
böyüyüb.
Yerli biznesmenlər işləri öz hesablarına görməyi təklif etsələr
də, şəhər rəhbərliyi bu təklifi qəbul etməyib.
Stutqartda isə yüksək xərclərə görə işıqlı fiqurlardan imtina
olunub, Heidelberqdə isə bayram işıqlandırmasının ənənəvi vaxtdan
gec — günortadan deyil, saat 3-dən yandırılmasına və milad
yarmarkası bağlandıqdan ən geci bir saat sonra söndürülməsinə qərar
verilib. Eyni zamanda Lükkenvalde və Hildeshaym şəhərlərində milad
işıqlandırması sakinlərin ianələri hesabına ödənəcək.
Maqdeburqda isə əvvəllər milad işıqlandırması üçün ayrılmış
vəsaitlərin köhnəlmiş körpülərin yenilənməsi də daxil olmaqla
yenidən büdcəyə qaytarılması qərara alınıb. Düsseldorfun Korolyev
bulvarında küçə işıqlandırmasının xərclərini ticarət köşklərinin
sahibləri qarşılayacaqlar.

