
Bakı. Trend:
ADA Universitetinin xaricdə yaşayan məzunlarının ənənəvi forumu
bu il Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib.
“Konstitusiya və Suverenlik İli”nə həsr olunan tədbir ADA
Universiteti, ADA Universiteti Fondu, Azərbaycanın Almaniyadakı
səfirliyi və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin
təşkilatçılığı, “Kolin Azərbaycan” şirkətinin dəstəyi ilə
gerçəkləşib. Forum ADA məzunlarını universitetin heyəti ilə bir
araya gətirərək müzakirə platforması yaradıb.
Bu barədə Trend-ə ADA Universitetindən məlumat verilib.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbiri açaraq
bildirib ki, Berlində ADA Universiteti məzunlarını bir araya
gətirən bu forum Azərbaycan gənclərinin qlobal mühitdə qazandıqları
bilik və təcrübəni bölüşmələri baxımından xüsusi önəm daşıyır. Bu
görüş həm akademik və peşəkar əlaqələrin genişlənməsi, həm də
ölkəmizin intellektual potensialının beynəlxalq arenada daha güclü
təmsil olunması üçün mühüm platformadır. Məzunlarımızın müxtəlif
sahələrdə əldə etdikləri uğurlar ADA Universitetinin yüksək təhsil
standartlarının və qlobal düşüncə tərzinin bariz
göstəricisidir.
Səfir belə təşəbbüslərin həm Azərbaycan-Almaniya əlaqələrinin
möhkəmlənməsinə, həm də məzunlar arasında daha sıx və davamlı
əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.
ADA Universitetinin prorektoru Günay Ziyadova universitetin
yenilikləri və yaxın illərdə nəzərdə tutulan istiqamətlər barədə
təqdimatla çıxış edərək ətraflı məlumat verib. O, ADA-nın təhsil və
innovasiya sahəsində davamlı inkişaf etdiyini, bu prosesin isə
məzun şəbəkəsi ilə daha da gücləndiyini vurğulayıb.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev forumda əsas
məruzəçi kimi çıxış edərək məzunların Azərbaycandan uzaqda
olmalarına baxmayaraq, ölkəyə və universitetə bağlı qalmalarının
vacibliyini vurğulayıb, onları müxtəlif layihələrdə daha fəal
əməkdaşlığa çağırıb. Rektor bu əməkdaşlığın həm universitet, həm də
məzunlar üçün yeni imkanlar açacağını bildirib.
Sonra ADA Universitetinin Məzunlarla iş şöbəsinin nümayəndəsi
Zöhrə Əsədovanın moderatorluq etdiyi panel iclasında universitetin
məzunları Maşdı Əliyev, Fidan Eminli, Sabirə İmrani, Aydın Cavadov
və Cəmilə Talıbzadə müzakirələr aparıblar. Çıxış edənlər təhsil və
iş təcrübələrindən, ADA məzunlarının müxtəlif sahələrdə yaratdığı
nümunələrdən danışıblar. Müzakirələrdə forum iştirakçıları,
həmçinin mövcud və gələcək trendlər, yeni çağırışlar və imkanlar
ətrafında fikir mübadiləsi aparıblar.
ADA Universiteti məzunlarının forumları ənənə halını alıb və hər
il dünyanın müxtəlif ölkələrində məzunları bir araya gətirir. Bu
görüşlər qlobal ADA məzun şəbəkəsinin daha sıx əlaqə qurmasına,
birgə fəaliyyət və əməkdaşlıq istiqamətlərinin formalaşmasına töhfə
verir.

