
Azadlıq prospekti ilə Plotnikov küçəsinin kəsişməsində əvvəllər parkinq sahəsi olub. Daha sonra həmin yer avtobus zolağına çevrilib. Küçənin girişində parkinqin qadağan olunduğunu göstərən nişan və “BUS” yazısı var. Lakin küçənin orta hissəsində köhnə parklanma xətləri tam silinmədiyi, hətta ora daxil olmağa imkan verən qırıq xətlərin qalması sürücüləri çaşdırır. Nəticədə bəzi sürücülər həmin xətləri əsas götürərək avtomobillərini saxlayır, lakin polis tərəfindən cərimələnirlər.
Bəs həmin küçədə köhnə xətlər nə zaman silinəcək?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azadlıq prospekti ilə Plotnikov küçəsinin kəsişməsində AYNA tərəfindən avtobus zolağı təşkil edilib və bu səbəbdən ərazidəki parklanma xətləri silinib.
Agentlikdən verilən məlumata görə, həmin əraziyə digər avtomobillərin girişi isə qadağandır:
“Qeyd edək ki, yol sahəsinin parklanma yeri kimi istifadə edilməsi üçün ərazi müvafiq nişanlanma xətləri ilə yanaşı, 5.15 “Duracaq yeri” nişanı ilə də işarələnməlidir. Sürücülər bunu nəzərə almalı, ərazidən parkinq kimi istifadə etməməlidirlər”.
Sevinc İbrahimzadə / Metbuat.az

