
Bakı. Trend:
Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi,
müraciətlərin qəbulu və onlara baxılma qaydası təsdiq edilib.
Trend-in
məlumatına görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq
qərar imzalayıb.
Sənədə əsasən, bu Qaydaya uyğun olaraq müraciət etmiş namizədlər
ümumi siyahıya salınır və hər bir namizədə müsabiqə və onun
keçirilməsi ilə bağlı məlumatları özündə əks etdirən “Yaddaş
kitabçası” verilir.
Anonimliyin təmin edilməsi məqsədilə siyahıya salınmış hər bir
namizədə rəqəmlərlə ifadə olunan şəxsi eyniləşdirmə kodu verilir.
İmtahanda yalnız şəxsi eyniləşdirmə kodundan istifadə olunur.
İmtahana azı 2 gün qalmış hər bir namizədə onun fotoşəkli olan
buraxılış vərəqəsi verilir. İmtahanın keçiriləcəyi barədə elanda
buraxılış vərəqəsinin veriləcəyi tarixə dair məlumat
göstərilməlidir.
Buraxılış vərəqəsində namizədin şəxsi eyniləşdirmə kodu,
imtahanın keçirildiyi ünvan, tarix, saat, auditoriya, auditoriyada
sıra və yer nömrəsi göstərilir.
İmtahandan müvəffəqiyyətlə keçən və müsahibədə iştirak etmək
istəyən şəxslərin təqdim etdiyi sənədlərin tamlığı, onların
namizədin ərizəsində əks olunan məlumatlara uyğunluğu müəyyən
edildikdən sonra ərizələrin qeydiyyatı aparılır.
Natamam və ya bu Qaydaya uyğun olmayan sənədlər qəbul edilmir.
Sənədlərdə sonradan çatışmazlıqlar aşkar edildikdə isə bu barədə
namizədə sənədlərin təqdim edildiyi gündən 5 iş günü müddətində
bildirilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər
onların qəbulu üçün müəyyən edilmiş müddət çərçivəsində yenidən
təqdim oluna bilər.
Sənədlər onların qəbulu üçün müəyyən edilmiş müddətin bitməsinə
5 iş günü və daha az müddət qalmış təqdim edildikdə aşkar olunmuş
çatışmazlıqlar barədə namizədə məlumat verildiyi gündən 5 iş günü
ərzində çatışmazlıqlar aradan qaldırılmalıdır.
Sənədlərin qəbulu müddəti başa çatdıqdan sonra təqdim olunan
sənədlər (göstərilən müddət ərzində poçta verilmiş sənədlər istisna
olmaqla) qəbul edilmir.
Təqdim edilmiş sənədlər Müsabiqə Komissiyası tərəfindən
yoxlanılır və yoxlamanın nəticəsinə uyğun olaraq namizədlər
müsahibəyə buraxılır.
Məlumat üçün bildirək ki, qərar 2025-ci il noyabrın 28-də qəbul
edilib, dekabrın 1-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilib və qüvvəyə minib.

