Vergi uçotu və ƏDV-nin qaytarılması qaydalarında dəyişikliklər edilib

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”
Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD
nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar bəzi hüquqi aktlarda
dəyişiklik edib.

Trend xəbər
verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar
imzalayıb.

Qərara əsasən, vergi inzibatçılığına dair mövcud qaydalar
yenilənir və təkmilləşdirilir. Dəyişikliklər fiziki şəxslərin vergi
uçotuna alınması və yenidən uçota alınması prosedurlarına, kameral
və səyyar vergi yoxlamalarının aparılması mexanizmlərinə, eləcə də
əlavə dəyər vergisinin (ƏDV) qaytarılması sisteminə şamil
edilir.

Ən mühüm yeniliklərdən biri ƏDV-nin qaytarılması mexanizminin
genişləndirilməsidir. Belə ki, bundan sonra yalnız qeyri-kommersiya
məqsədilə alınmış mallara deyil, həm də tibb müəssisələri və özəl
tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə
ödənilmiş ƏDV-nin qaytarılması mümkün olacaq. Qaydaya əsasən,
əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi
xidmətlər üzrə ödənilmiş ƏDV-nin həmin şəxslər tibbi xidmətlərin
göstərilməsi tarixindən 90 gün müddətində ölkə ərazisini tərk
etdikdə və yalnız nağdsız ödənişlər üzrə qaytarılması nəzərdə
tutulur.




Qərarla, həmçinin kameral və səyyar vergi yoxlamalarının əhatə
dairəsi genişləndirilib. Xarici dövlətlərin səlahiyyətli
orqanlarından daxil olan sorğular və ya xaricdə əldə edilmiş
gəlirlərlə bağlı məlumatlar əsasında vergi yoxlamalarının
aparılması qaydaları dəqiqləşdirilib, bəzi hallarda yoxlama müddəti
5 ilədək artırılıb. Uzunmüddətli müqavilələr üzrə gəlir və
xərclərin illər üzrə düzgün bölüşdürülməsinə nəzarət
gücləndirilib.

Bundan başqa, həyatın yığım sığortası ilə bağlı vergi güzəştləri
üzrə qaydalara aydınlıq gətirilib. 2025-ci il yanvarın 1-dək
bağlanılmış müqavilələr üzrə mövcud güzəştlərin bütün işəgötürənlər
üçün saxlanıldığı xüsusi qeyd olunub.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, bu Qərarın Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi
məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlərin görülməsini təmin
etsin.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir