
Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş
elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya
layihəsi olaraq BP şirkəti tərəfindən Cəbrayıl rayonunda tikilən
240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə
inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən irihəcmli işlər
həyata keçirilir.
Belə ki, BP ilə “AzərEnerji” arasında əməkdaşlıq sazişinə uyğun
olaraq, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə
qoşulması üçün Cəbrayılda 330/33 kilovoltluq yeni
yarımstansiya və 7,5 km məsafədə 330 kilovoltluq ikidövrəli yüksək
gərginlikli ötürmə xətti çəkilib.
Layihələrin əsas məqsədi, dövlət-özəl tərəfdaşlığına dəstək,
karbon emissiyalarının azaldılması, təbii qaza qənaət olunması və
bərpa olunan enerji mənbələrinin payının artırılmasıdır. Bu
layihələr Azərbaycanın “yaşıl enerji” keçidinə və enerji
təhlükəsizliyinə mühüm töhfə verəcək. Stansiyada istehsal olunan
elektrik enerjisinin “Virtual Enerji Ötürülməsi Mexanizmi” (VPTA)
çərçivəsində 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağına, oradan isə
enerjisistemə ötürülməsi və eyni miqdarda enerjinin Səngəçal
terminalına verilməsi nəzərdə tutulur.
Yeni tikilən “Cəbrayıl” yarımstansiyasında işlər yekunlaşıb və
“Şəfəq” Günəş Elektrik Stansiyası tikilərək istismara verildikdən
sonra istehsal olunan “yaşıl enerji”nin ötürülməsinə
başlanılacaq.

