
Bakı.Trend:
Süni intellekt sahəsindəki çağırışlara cavab vermək üçün konkret
addımlar atılır.
Trend xəbər
verir ki, bunu bu gün ASAN xidmətin ASAN Süni İntellekt Mərkəzinin
(ASAN AI HUB) açılış tədbirindəki çıxışı zamanı İqtisadiyyat
nazirinin müavini Sahib Ələkbərov bildirib.
O qeyd edib ki, ölkəmiz müxtəlif istiqamətlər üzrə kifayət qədər
genişmiqyaslı işlər həyata keçirir və buna süni intellektin tətbiqi
sahəsində görülən tədbirlər də daxildir:
“Ancaq bu gün etiraf etməliyik ki, görüləcək işlərin həcmi,
artıq gördüyümüz işlərlə müqayisə olunmayacaq dərəcədə böyükdür.
Azərbaycan strategiyasının ayrılmaz hissələrindən biri
iqtisadiyyatın şaxələndirilməsidir. Son illərdə neft-qaz
sektorundan asılılığı azaltmaq və digər sahələrin inkişafını təmin
etmək istiqamətində çox işlər görülür”.
S. Ələkbərov bildirib ki, son 20 ildə qeyri-neft sektoruna
yönəldilən 213 milyard dollarlıq investisiya nəticəsində qeyri-neft
ixracının iki dəfə artması, ölkəmizin bu sahədə qlobal rəqabət
qabiliyyətinin yüksəldiyinin göstəricisi hesab olunur.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq
etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər” strategiyasında ölkənin beş milli prioritetindən biri
kimi dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təmin
edilməsi müəyyən edilib. Bu baxımdan rəqəmsal iqtisadiyyata keçidin
sürətləndirilməsi və yeni texnologiyaların tətbiqi əsas strateji
hədəflərdən biridir”, – Ələkbərov əlavə edib.
O vurğulayıb ki, bu çərçivədə hazırlanan 2026-2029-cu illəri
əhatə edən “Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası” hazırda
yekun təsdiq mərhələsindədir və ölkəmizin rəqəmsal
transformasiyasını sürətləndirməyi hədəfləyir.
“Strateji sənəd çoxsaylı təşəbbüs və layihələri əhatə etməklə
biznesin texnoloji transformasiyasını, rəqabətqabiliyyətli insan
kapitalının formalaşdırılmasını və idarəetmənin data əsaslı
modellərə keçirilməsini nəzərdə tutur.
Bu il təsdiq edilmiş 2025–2028-ci illəri əhatə edən Milli Süni
İntellekt Strategiyası süni intellektin məsuliyyətli və etik
şəkildə tətbiqini, iqtisadiyyatın bütün sektorlarında
innovasiyaların genişləndirilməsini və rəqəmsal təhlükəsizliyin
gücləndirilməsini hədəfləyir”, – nazir müavini əlavə edib.

