
Bakı. Trend:
Məlum olduğu kimi, vergi qanunvericiliyinə əsasən, 1 yanvar
2024-cü ildən tibb müəssisələrinin və özəl tibbi praktika ilə
məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə
göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal
vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50
faizi 3 il müddətinə onların ƏDV tutulan ümumi dövriyyəsindən
çıxılır.
Trend
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən
xəbər verir ki, bu optimallaşmanın davamı olaraq, 2026-cı il
yanvarın 1-dən ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə
məşğul olan şəxslər tərəfindən ƏDV hesablanarkən onların
POS-terminal vasitəsilə nağdsız qaydada ödəmələr əsasında
formalaşan dövriyyəsinin 50 faizinin 3 il müddətinə ƏDV tutulan
ümumi dövriyyəsindən çıxılması nəzərdə tutulur. Bundan başqa, 8
faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olaraq iaşə
xidməti göstərən şəxslər tərəfindən POS-terminal vasitəsilə nağdsız
dövriyyə üzrə sadələşdirilmiş verginin dərəcəsinin 6 faizə
endirilməsi təklif edilir.
Dəyişikliyi nümunə üzərindən izah edək: İctimai iaşə fəaliyyəti
ilə məşğul olan şəxsin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50
min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd
şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada
ödənilib. Digər şəxslərə ödədiyi və əvəzləşdirdiyi ƏDV-nin məbləği
isə 3 min manat olub. Bu halda büdcəyə ödənilməli ƏDV-nin məbləği 6
min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 2.400
manat təşkil edəcək.
Digər nümunə: İctimai iaşə fəaliyyəti ilə məşğul olan
sadələşdirilmiş vergi ödəyicisinin ay ərzində göstərdiyi
xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10
min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə
nağdsız qaydada ödənilib. Bu halda büdcəyə ödənilməli
sadələşdirilmiş verginin məbləği 4 min manat hesablanacaqdısa,
dəyişiklikdən sonra həmin məbləğ 3.200 manat təşkil edəcək.
Göründüyü kimi, nağdsız ödənişlərin xüsusi çəkisi artdıqca,
dəyişiklik sahibkarlar üçün vergi yükünün azalmasına, daha çox
qazanc əldə etməsinə imkan yaradacaq.

