
Bakı. Trend:
Hazırda işğaldan azad edilən ərazilərdə 62 mindən çox insan
yaşayır. Laçında hazırda 5 mindən çox sakinimiz məskunlaşıb.
Trend xəbər
verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili parlamentin bugünkü
plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, Azərbaycan dövləti bu günədək bu
ərazilərin bərpa olunması üçün 22 milyard manata yaxın vəsait
xərcləyib:
“22 milyard manat vəsait Ermənistan dövlət büdcəsinin
gəlirlərindən 2 dəfə, Gürcüstanın dövlət büdcəsinin gəlirlərindən
isə 1,4 dəfə çoxdur. Bu rəqəmlər onu göstərir ki, Azərbaycan
dövləti həmin ərazilərin bərpası və inteqrasiyası üçün kifayət
qədər böyük işlər görür”.
Deputat vurğulayıb ki, hazırda Ağdam Sənaye Parkı və Araz Vadisi
İqtisadi Zonası Sənaye Parkında 50-dən çox yerli rezident, 7-dən
çox isə qeyri-rezident fəaliyyət göstərir.
“Keçən müddət ərzində bu ərazilərdə təxminən 500 milyon manata
yaxın məhsul istehsal edib ixrac etmişik. Hazırda yalnız bu iki
sənaye parkında minədək insan çalışır”, – deyə o qeyd edib.

